Vətən müharibəsində 35 gün düşmənlə ölüm-dirim haqq savaşımızda şücaət göstərib qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Əli Mehdizadənin adı şirin dillərdən düşmür. Onun xatirəsini yaşatmaqdan ötrü rayonda tez-tez tədbirlər keçirilir. Məzunu olduğu Lənkəran şəhər 1 saylı tam orta məktəbdə qəhrəmanın xatirəsinə həsr olunmuş yeni tədbir də özündə doğma Vətənə, torpağa ilani bir sevgi özündə yaşadırdı.
Əli ilə bərabər Vətənin azadlığı naminə canından keçən igidlərin xatirələri bir dəqiqəlik sükutla anıldı. Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev birinci çıxış edib dedi: - 44 günlük Vətən müharibəsi tariximizdə şanlı səhifədir. Məhz Əli kimi igidlərin sayəsində torpaqlarımız işğaldan azad edildi. Xalq, Vətən heç vaxt öz qəhrəman oğulları unutmaz. Dövlət hər zaman şəhid ailələrin yanındadır. Şəxsən dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğını nəzarətdə saxlayırlar.
Tədbir iştirakçıları arasında olan şəhidin atası Məcid Mehdizadə daha qürurlu görünürdü. Ona söz veriləndə iftixarla danışmağa başladı:- Oğlum vətənpərvər ruhda böyüdü. Odur ki, haqq savaşımızda Vətənin, millətin səsinə ilk səs verən igidlərdən cərgəsinə qoşuldu. Murovdağ, Füzuli, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən igid balam Cəbrayıl istiqamətində gedən döyüşlərdə çiynindən qəlpə yarası alsa da, müalicəsi bitən kimi yenidən birbaşa döyüş meydanına yollanıb. Onun şücaətinə, igidliyinə və vətənpərvərliyinə, kişi kimi döyüşməsinə görə fəxr edirəm. Onu da bildirim ki, şəhid ailələrinə olan hərtərəfli qayğıya, eləcə şəhidlərin adlarının daimi yaşatması naminə görülən işlərə görə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram və onlara səmimi təşəkkürlərimi bildirirəm.
Sonra tədbirdə məktəblilərin ifasında Vətəni, onun yolunda şəhid olan qəhrəmanları vəsf edən şer parçaları, musiqi nömrələri ifa olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü