Bu günlərdə Azərbaycanın ən tanınmış universitetlərindən biri olan Xəzər Universitetində tələbələrə qoyulan xüsusi qadağa sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, adıçəkilən universitetin yeməkxanasının qapısında kənardan yemək gətirməyin qadağan olmasına dair elan yapışdırılıb. Bu tələbi pozan şəxslərin töhmət alacağına dair xəbərdarlıq edilib.
Qeyd edək ki, universitetlərdə bufetlərin fəaliyyətinin necə tənzimlənməsi çoxlarını düşündürən mövzudur. Ümumiyyətlə, universitetin qapısında belə bir élan yapışdırılması nə dərəcədə düzgündür?
Xəzər Universiteti - Əlövsət Əmirbəyli: “Yeməkxana müdiri özü elan asıb, bu elanın universitetə aidiyyəti yoxdur”
Məsələ ilə bağlı Xəzər Universitetinin sözçüsü Əlövsət Əmirbəyli bildirdi ki, elan artıq yırtılıb atılıb: “Yeməkxana müdiri səlahiyyət həddini aşıb və rektorluğa dəvət olunub. Onunla bağlı tədbir görüləcək. Yeməkxana müdiri özü elan asıb, bu elanın universitetə aidiyyəti yoxdur. Orada müdiriyyət yazıb, elan veriləndə universitet, rektorluq adından verilir. O müdiriyyət olaraq özünü zənn edib. Yalnız elandır, aradan qaldırılıb. Həmin elanın universitetlə heç bir əlaqəsi yoxdur”.
Elçin Əfəndi: “Tələbələrin təhdid altında saxlanılması düzgün deyil”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, universitetdə belə bir elanın asılması beynəlxalq reytinq siyahısına düşən bir universitet üçün yaraşmayan hərəkətdir: “Hər bir universitetin nəzdində yeməkxana fəaliyyət göstərir və tələbələr həmin yeməkxanada qidalanır. Xəzər Universitetində tələbələrin bu formada təhdid olunması xoşagəlməz və yolverilməz haldır. Universitet ümumi təhlükəsizlik baxımından belə bir qərar verə bilər. Yəni əgər universitet öz mənafeyini deyil, tələbələrin qida təhlükəsizliyini düşünürsə və kənardan gətirilən qidalardan ehtiyat edilirsə, tələbələrə müvafiq qaydada xəbərdarlıq edilə bilər. Lakin universitetin yeməkxanasının qapısından belə bir elanın asılması beynəlxalq reytinq siyahısına düşən bir universitet üçün yaraşmayan hərəkətdir və qətiyyən düzgün deyil. Ümumiyyətlə, tələbələrin təhdid altında saxlanılması düzgün deyil. Danılmaz faktdır ki, Xəzər Universitetinin ölkədə böyük nüfuzu var. Lakin belə hallar həm cəmiyyətdə, həm də təhsil cameəsində xoşagəlməz tendensiyaların əsasını qoyur. Bolonya sistemi Azərbaycanda yalnız Xəzər Universitetində olduğu kimi tətbiq edilir. Əgər Bolonya sistemi tətbiq olunursa, tələbələrin hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır. Hər kəs universitetin yeməkxanasında hazırlanan yeməkləri yeyə bilməz. Bu qidaları sevməyən, xüsusi pəhrizdə olan tələbə istədiyi yeməyi gətirib universitetin yeməkxanasında rahat şəkildə yeyə bilər. Tələbələrin təhdid altında saxlanılması düzgün deyil. Təhsil haqqında qanunda bu barədə konkret olaraq məqam yoxdur. Lakin təhsil alan şəxslərin təhlükəsizliyinin təmin edilməsi məsələsi qanunda yer alır. Burada qida təhlükəsizliyi də istisna deyil”.
Günel CƏLİLOVA