Qidalanma və uşaqların gündəlik rejimindəki qanunauyğunluqları nəzərə alan valideynlər daha çox özəl bağçalara üstünlük verirlər. Halbuki, uşaqların günlük rejim normaları qanunvericilikdə də qeyd olunub. Qərara əsasən, standartlar həm özəl, həm də dövlət bağçaları üçün nəzərdə tutulub. Qərarda göstərilib ki, gündəlik rejim uşağın yaş xüsusiyyətlərinə uyğun olmalı və onun inkişafına kömək etməlidir.
Təəssüf ki, əksər bağçalarda bu qaydalara əməl edilmir. Uşaqlara normadan az qida verilir. Belə bir vəziyyət Şabran şəhər 1 saylı Körpələr Evi-Uşaq Bağçasında müşahidə edilib. Qeyd edilən uşaq bağçasında uşaqlara verilən qidanın normadan az və keyfiyyətsiz olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Həmin görüntülərdən görünür ki, bir dilim çörəyin üzərinə dörd yerə bölünmüş peçenyenin bir hissəsi qoyulub, həmçinin, az miqdarda keyfiyyətsiz sıyıq verilir.
Şabran şəhər 1 saylı Körpələr Evi - Lalə Qədəşova: “Bu sadəcə şantajdır, vallah, bilmirəm, bunun səbəbi nədir”
Məsələ ilə bağlı adıçəkilən bağçanın rəhbəri ilə əlaqə saxladıq. Şabran şəhər 1 saylı Körpələr Evinin direktoru Lalə Qədəşova bildirdi ki, uşaq qidası ilə problem yaşanmır: “Uşaqlara səhər yumurta, çörək olub, axşama da sıyıq olub. Müəllim özünə necə sərf edirsə, qırıq peçenyeni çörəyin üstünə qoyub elə də şəkil çəkib. Bu, sadəcə şantajdır. Vallah, bilmirəm bunun səbəbi nədir. Bax, niyə belə edirsiniz? Mən də işləyirəm də. Nə vermisiniz ala bilmirsiniz? Bizim normativlərimiz var, ona uyğun gedirik. Mənim Şabranda dostum yoxdur. Başqa şər-böhtan yoxdur? Başqa şey tapa bilmirlər deməyə? Yaxşı ki, mənim xanım adım üstümdədir. Bir ona şükür edirəm ki, adımın üstünə başqa ad qoya bilmirlər”.
Kamran Əsədov: “Uşaq bağçalarında oğurluq etmək olmaz, dövlət büdcəsindən tam qida menyusu verilir”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, körpələrə qarşı bu münasibət insanlığa sığmayan hərəkətdir: “Bu vəhşilikdir. Həmin məsələyə görə Şabran rayon Təhsil Şöbəsi, Təhsil Nazirliyinin bağçalara məsul olan şəxsi işdən çıxarılmalıdır. İnsanlığa sığmayan vəhşilikdir. Vicdansızlıqdır. Evdə pişiyə, itə belə o peçenyeni bütöv atırıq. Bunlar 4 hissəyə bölüb uşağa verirlər. Şərəfləri yoxdur”.
K.Əsədovun sözlərinə görə, körpələr evinin rəhbəri birmənalı şəkildə cəzalandırılmalıdır: “Uşaq bağçalarında oğurluq etmək olmaz. Dövlət büdcəsindən tam qida menyusu verilir. Mən bütün dövlət qurumlarına müraciət edirəm. Təhsil Nazirliyi özünü nə hesab edir?! Bu qədər yiyəsizlik olar? Dövlət bağçaları Təhsil Nazirliyinə verdi ki, vəziyyət düzəlsin. Amma daha da pisə doğru gedir”.
Günel CƏLİLOVA