İngilis dili müəllimi Azərbaycan dili və ədəbiyyatı müəllimindən çoxdur - təhsildə plansızlıq, ya inkişaf əlaməti...

Elşən Qafarov: “Müəllimlərin 30 minə yaxını ingilis dili müəllimidir, qalanları isə…”

img

Bakı məktəblərində çalışan müəllimlərin fənlər üzrə sayı açıqlanıb. Statistikaya görə, Bakı şəhəri üzrə inglis dili müəllimlərinin sayı Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sayından nəzərəçarpacaq dərəcədə çoxdur. Müəllimlər arasında fərq 100-ə yaxındır.

Maraqlıdır, buna səbəb nədir? Tədris Azərbaycan dilində aparılırsa hansı səbəbə görə ingilis dili müəllimlərinin sayı üstünlük təşkil edir?

  • “Orta məktəblərdə çalışan əksər ingilis dili müəllimləri tədris etdikləri fənn üzrə sərbəst ünsiyyət saxlamağı bacarmır”

Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məlum problem tək Bakıda deyil, bütün ölkədə müşahidə olunur.: “Məlumat üçün bildirim ki, ölkə üzrə 152 min müəllim çalışır. Onun təqribən 40 faizini ibtidai sinif müəllimləri təşkil edir. 30 minə yaxın xarici dil müəlliməsi var, qalanları riyaziyyat, fiziki tərbiyə və digər fənn müəllimləridir”.

Xarici dil fənn müəllimlərinin sayının çox olmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, inglis dili müəllimləri 1-11-ci siniflərə dərs deyirlər. Onların sayının çoxluğu, xüsusilə ibtidai siniflərə də dərslərin keçirilməsi ilə bağlıdır. Yəni ibtidai siniflərə inglis dili dərsini başqa müəllim deyil, inglis dili müəllimi tədris edir. Amma Azərbaycan dili, ədəbiyyat müəllimləri 5-11-ci siniflərə dərs deyir. Məhz bu amil də onların sayında belə fərq yaradır.

Ekspert onu da əlavə etdi ki, orta məktəblərdə çalışan əksər ingilis dili müəllimləri tədris etdikləri fənn üzrə sərbəst ünsiyyət saxlamağı bacarmır: “Təhsil haqqında qanunun 19-cu maddəsində və Ümumtəhsil haqqında qanunda konkret olaraq göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən məzunlar ən azı bir xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır. Maraqlısı isə odur ki, ümumtəhsil məktəblərində çalışan 30 minə yaxın xarici dil müəllimlərinin tam böyük əksəriyyəti tədris etdiyi fənn üzrə ünsiyyət saxlamağı bacarmır. Müəllimlər arasında pedaqoji və psixoloji bacarıqların hansı səviyyədə olması hər kəsə bəllidir. Təəssüf ki, həmin müəllimlər repetitorluqla məşğuldur, baxmayaraq ki, sərbəst ünsiyyət saxlamağı bacarmırlar”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər