Dini Komitə diplomlu molla gəzir, İslam universitetinin 3 min tələbəsinin diplomu isə əlində qalıb...

Ceyhun Məmmədov: "Onların işə qəbul məsələsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aiddir"

img

Müvafiq qanunvericiliyə dəyişiklik edilməklə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bəzi səlahiyyətlərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi, bir sıra sahələrdə olduğu kimi, məscidlərdə işləyən mollaların da fəaliyyətinin tənzimlənməsinə imkanlar açdı.

Məlumdur ki, məscidlərə QMİ tərəfindən təyin edilən mollalar arasında təhsili olmayanlar da var. Hazırda isə diplomsuz mollaların məscidlərdən uzaqlaşdırılması yönündə addımlar atılmaqdadır. Belə ki, diplomsuz mollalar məscidlərdən uzaqlaşdırılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu istiqamətdə işlər görülür:

"Məscidlərdə və ibadət yerlərində din xadimi kimi fəaliyyət göstərmək istəyənlərin mütləq dini ali və orta təhsili olmalıdır" .

Komitə rəsmisi yerli mətbuata açıqlamasında qeyd edib ki, din xadimi işləmək üçün xüsusi tələblər müəyyənləşdirilib:

"Din xadimlərini təyin etmək üçün müsahibə və attestasiya komissiyaları yaradılıb, tələb edilən müvafiq sənədlər açıqlanıb".

Məscidlərdən diplomsuz mollaların uzaqlaşdırılması çox müsbət haldır və milli dövlətçilik maraqları baxımından da yaxşı bir işdir.

Belədirsə, onda Bakı İslam Universitetinin təxminən 3 mindən artıq məzununun diplomunu tanıyıb bu vəzifəyə onları təyin etsinlər, milli kadrlara yol açsınlar.Bunu həyata keçirmək mümkün olarmı ki, Bakı İslam Universitetinin məzunları milli kadrlar kimi o məscidlərə təyin edilsinlər? Ümimiyyətlə, onların diplomlarının tanınması niyə bu qədər çətinliyə çevrilib? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi diplomlu molla axtarır, Bakı İslam Universitetinin məzunlarının isə diplomları əllərində qalıb.

  • "... Bu məsələyə də baxıla, qərar qəbul edilə bilər"

Millət vəkili Ceyhun Məmmədov "Bakı - Xəbər"ə şərhində bildirdi ki, bu məsələni bir neçə dəfə qaldırıb. "Bir neçə dəfə mən bu məsələyə münasibət bildirmişəm. Əvvəlki dövrlərdə sizin qəzetə də bu barədə açıqlama vermişəm. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır. Bu tələbələr təhsil alıblar, təhsil haqqı ödəyiblər.

Bu məsələni bir neçə dəfə qaldırmışam, müzakirəyə çıxarmışam və Təhsil Nazirliyinə də məktub yazmışam. Bununla  bağlı  müəyyən fikirlər, yanaşmalar, problemlər var. Fikrincə, fərdi qaydada bu məsələyə yanaşaraq problemin həllinə nail olmaq olar. Əgər bu diplomlar tanınmırsa onda o ali məktəb niyə fəaliyyət göstərdi?  Niyə tələbələr təhsil haqqı ödəyirdi və təhsillərini davam etdirirdilər?"

C.Məmmədov hesab edir ki, bu baxımdan bu məsələyə mütləq baxılmalıdır:"Onların işə qəbul məsələsi isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aid bir məsələdir. Fikirimcə, gələcəkdə onların diplomlarına baxıldıqdan və diplomları  tanındıqdan sonra bu məsələyə də baxıla, qərar qəbul edilə bilər. Ümumən götürdükdə isə, məscidlərə diplomu olan din xadimlərinin təyin olunması məsələsi doğru qərardır. Necə ki, müəllim, həkim, mühəndis diplom olmadan öz sahəsində çalışa bilmir, fikrimcə, din xadimi də mütləq öz ixtisası üzrə təhsil almalıdır, onun diplomu olmalıdır" - deyə millət vəkili bildirdi.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər