Narkotikə meylli din xadimləri yoxdurmu? – Məscidlərdə narkotest qaydasına etirazların əsası yoxdur...

Tural İrfan: “Bəzi pis vərdişlərə malik şəxslər də zamanla məsciddə fəaliyyət göstəriblər, bu səbəbdən də…”

img

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) din xadimi kimi işləmək istəyənlər üçün tələblər müəyyən edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan edilən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il tarixə qədər sənədlərini təqdim etməlidirlər.

Din xadimi kimi işləmək istəyənlər üçün müəyyən edilən tələblərdən biri də onların narkotik yoxlanışından keçirilməsidir. Ancaq bu  tələb din xadimlərinin narazılığına səbəb olub.

Eksertlər isə fərqli düşünür, onlar hesab edir ki, istənilən sahədə, o cümlədən ibadət yerlərində çalışmaq istəyənlər narkoloji testdən keçirilməlidir. Burda qəbahətli heç nə yoxdur.

  • “Fəaliyyət göstərən imam və axundların, demək olar ki, əksəriyyətinin nə təhsili, nə də savadı var, sadəcə…”

Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, əvvəllər din xadimləri ibadət yerlərində işə götürülərkən müəyyən qüsurlara yol verilirdi. İbadət yerlərində işə götürüləcək şəxslərin narkoloji testdən keçirilməsinə etiraz edənlər məhz həmin qüsurlara öyrənənlərdir: “Həmin şəxslər necə gəldi işə götürülüblər. İndi qayda-qanun  tədbiq edilib. Narazılığın olmağı təbiidir. Istənilən yenilik olanda narazılıq olur, bu normaldır”.

Həmsöhbətimiz hesab edir ki, yeni qaydaya narazılıq edənlər əsasən xaricdən təsirlənən din xadimləridir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən elan edilən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak etmək istəyənlər üçün elan edilən şərtlərlə tanış olmuşam. Həmin şərtlərdə narazılığa əsas olacaq qəbahətli heç nə yoxdur. Onu da əlavə edim ki, fəaliyyət göstərən imam və axundlar attestasiyadan keçəcək. Etiraf etmək lazımdır ki, fəaliyyət göstərən imam və axundların, demək olar ki, əksəriyyətinin nə təhsili, nə də savadı var. Sadəcə regionçuluq, qohumluq zəminində, müəyyən təsirlər hesabına həmin şəxsləri Qafqaz Müsəlmanları İdarəsi məscidlərə təyin etmişdi. Narazı təbəqə yalnız bu kateqoriyadan ibarət ola bilər. Savadlı, özünə güvənən insan heç vaxt narazılıq etməz”.

T.İrfanın sözlərinə görə, bəzi pis vərdişlərə malik şəxslər də zamanla məsciddə fəaliyyət göstəriblər. Bu səbəbdən də ibadət evlərində çalışacaq şəxslərin narkoloji testdən keçirilməsi düzgündür. Burda narazılığa əsas yoxdur: “Əgər narkotik istifadəçisi deyilsənsə test ver, arayışını da təqdim et”.

Ilahiyyatçı qeyd etdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı din siyasəti və təyinatlar sahəsində ölkədə bir sıra şəxslər haqqında müəyyən işlər görüləcək. Məscidlərə milli ruhda təhsil alan, savadlı, xurafatdan, radikalizmdən, siyasətdən uzaq axund və imamlar təyin olunacaq.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər