Lerik rayonunun kəndlərində həyatın ən qaynar cağıdır. Çörəyi torpaqdan çıxan kəndli indi çox vaxt səhərin gözünü iş başında açır. Necə deyərlər, kənd təsərrüfatın bütün sahələrində iş bulaq kimi qaynayır. Əvvəllər texnika ilə görülən işlər indi əllə aparılır. Nəticə də kəndli il boyu əlləşsə də, çəkdiyi zəhmət onu dolandıra bilmir. Halbuki, sovet vaxtı tarlaların məhsulunu yığıb yığışdırmaq olmazdı. Hazırda kəndlinin texnikası əlindən alındığı üçün sanki torpaqda ondan üz döndərib. Məcburiyyət qarşısında qalıb yerli məmurların qapısında işləyənin zəhmət haqqı da bir qarın çörəkdən başqa bir şey deyildir...
Bunlar öz yerində. Mənim deməyim başqadır. Qarşıdan kənd adamının dolanışığına ən çox təsir edən yem tədarükü gəlir. Belə ki, kənd yerində mal-qarasız yaşamaq qeyri-mümkündür. Heyvandarlığın xeyri bol və keyfiyyətli yemdən asılıdır. Bu işi texnikasız görmək ağır olur, istənilən nəticə alınmır. Onu da bildirim ki, Daster ərazisində yerləşən Dzdipok, Hamarat, Daster və Bradı kəndlərində camaat ən əsas işin qızğın cağında texnikanın köməyindən düzgün istifadə edə bilmir. Kənd Təsərrüfatı Nazirliyinə dəfələrlə kömək üçün müraciətlər olsa belə, heç bir xeyri olmayıb.
Havalar əlverişli keçdiyinə görə biçənəklərdə bol ot yetişibdir. Torpağı bəzək, adamlara var-dövlət gətirən çiçəkli, laləli çəmənlərdə, yamaclarda bir-iki günə ot çalını başlanar. Görünür bu mövsüm yenə kəndliyə texnika sırasından məqamında, vaxtında köməklik olmaz. Lerikin əksər yerində kəndli nağd pulu hesabına texnika istəsə də, hələlik onun səsinə səs verən tapılmır. Səlahiyyətli şəxslər zəhmət adamına yalan vəd verməklə, həm də bununla ölkədə ərzaq qıtlığı yaradırlar...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü