Bakının bir addımlığında məktəbsiz kənd - Məhəmmədli...

img

Abşeron rayonu, Məhəmmədli kəndində məktəb çatışmazlığı var. 1000-ə yaxın  ailənin yaşadığı kənddə məktəb yoxdur. Uşaqlar məcburən yaxınlıqda olan digər məktəblərə gedirlər.

Sakinlər qeyd edir ki, Məhəmmədli kəndində övladlarının təhsil almaları üçün şərait yoxdur: “Çarəsizlikdən uşaqları qonşu kəndlərdə olan məktəblərə göndəririk. Ancaq bu həm vaxt, həm də maddiyat baxımından sərf etmir.

Sakinlər onu da bildirir ki, yaşadıqları ərazidə məktəbin olmaması onlara ciddi çətinliklər yaradır: “Problemlə bağlı aidiyyəti  qurumlar məlumatlandırılsa da, hələ ki, nəticə yoxdur”.

  • Abşeron rayon İcra Hakimiyyəti: “Yaxın gələcəkdə məlum problem öz həllini tapar”

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti başçısının Məhəmmədli kənd inzibatı ərazi dairəsindən bildirildi ki, 3 min hektar ərazisi olan və 20 mindən çox əhalinin yaşadığı kənddə yalnız bir tam orta məktəb var. Onun sözlərinə görə, mövcud məktəb əhalinin sayına adekvat deyil: “Qeyd olunan ərazidə təhsil müəssisəsinin tikilməsi üçün aidiyyəti qurumlara məktublar göndərilib. Nəzərə almaq lazımdır ki, yaşayış massivi günü-gündən böyüyür. Yaxın gələcəkdə məlum problem öz həllini tapar”.

  • Nizami Hüseynov: “Bu gün bölgələrdə, ucqar ərazilərdə məktəb çatışmazlığı yaşanır”

Təhsil ekspert Nizami Hüseynov qeyd etdi ki, təhsildə əsas məqsəd təhsilalanların bilik, savadının artırılması və onlara vərdişlərin öyrədilməsidir. Danılmaz fakdır ki, bu gün bölgələrdə, ucqar ərazilərdə məktəb çatışmazlığı yaşanır: “Təbii ki, siniflərdəki sıxlıq şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Halbuki, təhsil müəssisələrində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın. Yaşayış massivlərində, əhali sayının çox olduğu yerlərdə təhsil ocaqlarının olması vacibdir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər