Mətbuatda yayılmış məlumatlara görə,Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanadakı Şuşa qəsəbəsində icra nümayəndəsi birinci qrup əlil və qazilərin ev tikməsinə mane olur. Əvəzində isə pul verənlər evlərini tikməkdə davam edirlər.
Yeni Ramanadakı Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evinin rəhbəri Aynurə Xudiyeva qeyd edib ki, bir il əvvəl qəsəbə nümayəndəsi camaata 1300 manata satılan torpaqların Kənd Təsərrüfatı Nazirliyinin balansında olduğunu əsas gətirərək onları ərazidən çıxarıb, daha sonra isə torpaqları baha qiymətə vətəndaşlara satıblar: “Ötən il Yeni Ramanadakı Şuşa şəhərciyində 10 sot torpaq satırdılar. “Nur” uşaq evinin həyati dar olduğu üçün xeyirsevərlərin dəstəyi ilə sotu 1300 manatdan o torpağı aldıq. Həmin torpaqda mini park yaratmaq istəyirdik. Özüm də Ramanada yaşadığım üçün düşündüm ki, mən də oradan torpaq alım və uşaq evinə yaxın yaşayım. 10 sotdan əlavə, 4 sot torpaq da özümə aldım. Ötən il çox böyük problemlərdən sonra zor gücü ilə uşaq evi üçün mini parkın salınmasına alınmış torpaqdan bizi çıxardılar. Əslində, təkcə bizi yox, hər kəsi çıxardılar. Orada 4 sot torpağım qalmışdı. Həmin o ərazidə ev tikirdim. Qəsəbə nümayəndəsi Arif Osmanov mənə dedi ki, 10 sot torpaqdan çıxın, evi tikməyə icazə verəcəm. Bildirmişdi ki, 10-15 gündən sonra icazə verəcək. Bizim əlimizdən aldıqları torpaqları indi 2500-3000 manatdan satırlar. Əgər o torpaqlar Kənd Təsərrüfatı Nazirliyinin balansındadırsa, icra nümayəndəsi niyə o torpaqları 2500-3000 manata satır? Əgər həmin ərazidə evlərin tikilməsinə icazə yox idisə, niyə hazırda orada 2-3 mərtəbəli evlər tikilir? Məndən əlavə iki Vətən müharibəsi qazisi var, onlara da icazə verilmir”.
Qeyd edək ki, qazi və əlillərin sosial və məişət problemlərinin həlli ilə bağlı müəyyən işlər görülsə də, hələ də bəzi çatışmazlıqlar mövcuddur.
“Qazi və ya əlillik dərəcəsi olan şəxs hansısa ərazidə özünə ev tikmək istəyirsə və bu işi qanuni qaydada edirsə, buna heç kim mane ola bilməz”
Sosial sahə üzrə ekspert Elxan Əliev qeyd etdi ki, şəhid ailələrinin mənzil-məişət məsələlərinin yaxşılaşdırılması iə bağlı məsələlər aktivdir: “Uçuq evlərdə yaşayan şəhid ailələrimiz, qazilərimiz var. Onların sosial problemlərinin həll edilməsində aidiyyatı qurumlar məşğul olmalıdır. Qazi və ya əlillik dərəcəsi olan şəxs hansısa ərazidə özünə ev tikmək istəyirsə və bu işi qanuni qaydada edirsə, buna heç kim mane ola bilməz. Onlara dəstək olmaq əvəzinə, hansısa çatışmayananı həll etmək əvəzinə qazidən pul istəmək düzgün deyil. Vətən yolunda sağlığını itirən şəxslərə dəstək olmaq hər kəsin borcudur”.
Günel CƏLİLOVA