Hərbçilərin məcburi icbari narkoloji müayinədən keçirilməsi qaydası hazırlanacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 514-VIQD nömrəli Qanununun tətbiqi” haqqında fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməlidir. Həmçinin, həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi təmin ediləcək.
“Narkotik istifadəçilərinin sayının müəyyənləşdirilməsi və yaxud da onların vaxtında aşkarlanması və üzə çıxarılması məqsədi ilə edilir ki…”
Hərbçi ekspert Rasim İsgəndərov qeyd etdi ki, narkotika müasir dövrün bəlasıdır. Təəssüf ki, bu bəla ölkəmizdən də yan keçməyib: “Hərbçilərin narkoloji testdən keçirilməsi düzgün qərardır. Mülki həyatda biz bunun qarşısını ala bilmiriksə, hansısa yolla orduya keçməsinin də qarşısını almaq lazımdır”.
Həmsöhbətimiz hesab edir ki, orduda xidmət edən hərbçilər arasında da bu kimi hallara bulaşmış şəxslər ola bilər. Ona görə ordunun içərisində də tibbi müayinənin keçirilməsində fayda var. Çünki hərbçilər hər zaman mülki əhali ilə təmasdadırlar və qarşılarına narkotikə bulaşma məsələləri çıxa bilər və daimi heyətdən də kimsə buna bulaşa bilər. Ona görə də bu qanunun qəbulu zamanın tələbidir.
R.İsgəndərov onu da əlavə etdi ki, “Narkoloji xidmət və nəzarət haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edilib ki, burda da həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi xidmətə daxil olan şəxslər də dövlət tibb müəssisələrində icabari norkoloji müayinədən keçəcəklər. Bu da narkotik istifadəçilərinin sayının müəyyənləşdirilməsi və yaxud da onların vaxtında aşkarlanması və üzə çıxarılması məqsədi ilə edilir ki, bu da narkotik vasitələrdən istifadə edənlərə qarşı mübarizənin tərkib hissələrindən biridir.
Günel CƏLİLOVA