İndi ikinci ildir ki, respublikamızın hər yerində olduğu kimi, Lerik rayonunda da icbari tibbi sığorta tətbiq edilir. Əhalinin sağlamlığının daha effektli təminindən ötrü irəli sürülən bu üsul dağlar diyarının çox yerində olanları da məhv edib. Belə ki, camaatın maaşından, pensiya pulundan hər ay tibbi sığorta tutulduğu halda, xəstəyə nə həkim tapılır, nə dərman. Onu da deyim ki, rayonun əksər kəndlərində həkim və tibb məntəqələri vardır. Bu tibb ocaqlarında xəstənin müayinə və müalicəsi üçün heç bir şərait yoxdur, üstəlik buralarda çalışanlar tibb texnikumunu bitiriblər, bədənə iynə batırmaqdan başqa bir iş bilmirlər. Əvvəllər, yəni sovet vaxtı 5-6 yaşayış məntəqəsini birləşdirən ərazidə yerləşən xəstəxanada 4 həkim çalışardı. Müstəqilliyimiz başlanan kimi, qəribə olsa da, özəlləşmə adı altında böyük xəstəxanaları dağıdıb hər kənddə bir tibb məntəqəsi açdılar. Bu ədalətsizliyə dözə bilməyən ali savadlı həkimlər baş götürüb doğma kənlərini belə tərk etdilər. Vəziyyətdən istifadə edın həmin dövrün işbazları pul gücünə feldşeri qoydular həkim yerinə. İndi 30 kəndin bir belə ali savadlı həkimi yoxdur...
Lerikin dağ kəndlərində bütün sahələrdə vəziyyət ağırdır. Sadə camaatı eşidib onların dərdinə qalmaq heç bir səlahiyyət sahibini narahat etmir. İcbari Tibbi Sığortanın tətbiqindən sonra kəndlərdə yaşayan əhalinin sağlamlığına tam ögey münasibət yaranıb. Məntəqə müdirlərin özbaşınalığı, düzgün edilməyən müalicə xəstənin halını zərrə qədər də yaxşılığa doğru dəyişmir. Necə deyərlər, səhiyyədə yaranan yeni metod bir tərəfdən onların halal pulunu mənimsəyir, digər tərəfdən isə naşı tibb işçiləri sağlamlığını əlindən alır. Qaldı ki, sözdə ölkə vətəndaşların sağlamlığı dövlətimizin ən vacib strategiyası sayılır.
Görünür bəzi mütərəqqi metodlar kimi Azərbaycanda İcbarı Tibbi Sığorta da Lerikin kənd yerləri üçün deyil.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü