17 may 2022-ci il tarixdə respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb. Qeyd edək ki, hərraca 9 kiçik dövlət müəssisəsi və obyektlər çıxarılıb.
Onu da qeyd edək ki, hərraca çıxarılan klub və mədəniyyət evləri ucqar kənd yerlərindədir. Maraqlıdır, ucqar ərazilərdə olan müəssisələrin hərraca çıxarılması nə dərəcədə düzgündür?
Akif Nəsirli: “Əmlakın boş qalmaması, müəyyən təyinatla bağlı istifadə edilməsi üçün onların hərraca çıxarılması passiv kapitalın aktivləşdirilməsi deməkdir”
Iqtisadçı ekspert Akif Nəsirli qeyd etdi ki, əvvəllər kənd yerlərində kitabxana, klub və mədəniyyət evləri var idi. İllərdir həmin obyektlər fəaliyyətsizdir və qapısı bağlıdır: “Məlumdur ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib. Eyni zamanda, klub və mədəniyyət evləri də ləğv edilib. Ancaq həmin binalar qalır. Heç bir xidmət göstərməyən, qapısı bağlı obyektlərin satılması təqdirəlayiqdir. Həmin müəssisələr fəaliyyət göstərmədiyi üçün əmlakından müxtəlif məqsədlə istifadə oluna bilər. Əmlakın boş qalmaması, müəyyən təyinatla bağlı istifadə edilməsi üçün onların hərraca çıxarılması passiv kapitalın aktivləşdirilməsi deməkdir. Bu iqtisadi baxımdan səmərəlidir”.
Əkrəm Həsənov: “Kənd yerlərində klub, mədəniyyət evləri istifadə olunmurdu, bu səbəbdən də onlar satışa çıxarılır”
Hüquqşunas Əkrəm Həsənov bildirdi ki, ucqar ərazilərdə olan mədəniyyət evləri, klub və ya hansısa müəssisələrin hərraca çıxarılması düzgündür: “Danılmaz faktdır ki, ucqar bölgələrdə olan həmin obyektlər fəaliyyət göstərmir, qapıları bağlıdır. Qeyd olunan obyektlərin satışa çıxarılmasında məqsəd vəsaitin əldə olunmasıdır. Kənd yerlərində klub, mədəniyyət evləri istifadə olunmurdu. İstifadəyə yararsız olduğu üçün onlar satışa çıxarılır, müxtəlif məqsədlər üçün gələcəkdə istifadəyə yararlı vəziyyətə salınacaq”.
Günel CƏLİLOVA