Qaradağ rayonunun Şonqar qəsəbəsində orta məktəb yoxdur. Sözügedən qəsəbədə vaxtı ilə məktəb fəaliyyət göstərsə də, sonradan fəaliyyətini dayandırıb. Təhsil ocağı olmadığına görə şagirdlər qonşu qəsəbələrdə yerləşən məktəblərə üz tutur.
Bu isə onlara heç də asan başa gəlmir. Artıq bəzi valideynlər övladlarını məktəbə göndərmək istəmir. 1000-ə yaxın ailənin yaşadığı qəsəbədə məktəb problemi yaşanır.Qəsəbədə təhsil ocağı olmadığına görə, şagirdlər Qızıldaş qəsəbəsində yerləşən məktəbə getmək məcburiyyətində qalır. Sakinlər deyir ki, yaşadıqları ərazidə məktəbin olmaması onlara ciddi çətinliklər yaradır.
Sakinlər iddia edirlər ki, problemlə bağlı aidiyyəti qurumlar məlumatlandırılsa da hələ ki nəticə yoxdur.
Bakı şəhər Təhsil İdarəsi: “Şonqar yaşayış massivində 2004-cü ilə qədər 180 nömrəli tam orta məktəbin iki ibtidai sinfi fəaliyyət göstərib, amma həmin siniflərdə…”
Məsələ ilə bağlı Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsindən bildirildi ki, Şonqar yaşayış massivində 2004-cü ilə qədər 180 nömrəli tam orta məktəbin iki ibtidai sinfi fəaliyyət göstərib, amma həmin siniflərdə şagird sayı az olduğundan bağlanıb: “Şonqar qəsəbəsində məktəb tikintisi ilə bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla bilər”.
Nizami Hüseynov: “Ölkəmizdə modul tipli məktəblərin sürətlə inşası həyata keçirilərsə, uşaqlar yaxşı şəraiti olan təhsil müəssisələrində təhsilini davam etdirər”
Təhsil ekspert Nizami Hüseynov qeyd etdi ki, təhsildə əsas məqsəd təhsilalanların bilik, savadının artırılması və onlara vərdişlərin öyrədilməsidir. Siniflərdəki sıxlıq şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Halbuki, təhsil müəssisələrində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın.
Ekspert hesab edir ki, ölkəmizdə modul tipli məktəblərin sürətlə inşası həyata keçirilərsə, uşaqlar yaxşı şəraiti olan təhsil müəssisələrində təhsilini davam etdirər.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tədrisin keyfiyyətinə birbaşa məktəbin infrastrukturu təsir göstərir. Bu gün qəzalı vəziyyətdə olan məktəblərin yetirmələrinin nəticəsi elə də yüksək deyil. Bu istiqamətdə dövlət proqramını daha da genişləndirmək lazımdır.
Günel CƏLİLOVA