Arzu Nağıyev: “Bu qətllər də siyasi məqsədə çatmaq üçün atılan addımlardan hesab oluna bilər”
Son günlər Ermənistanda siyasi motiv əsasında baş verən qətllərin sayında artım müşahidə olunur. Həmin ölkənin KİV-lərinin verdiyi məlumata görə, Ermənistan parlamentinin keçmiş deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arutyun Qaragözyanın meyiti aşkar edilib. Bildirilir ki, sabiq deputat güllə yarasından ölüb. Araşdırma zamanı eks-deputat həmkarı Karo Karapetyanın qətlində şübhəli bilinən Qaragözyanın intihar etdiyi məlum olub.
Qeyd edək ki, keçmiş deputat Karo Karapetyan İrəvanda restoranlardan birində güllələnib. İlkin məlumata görə, restoranda onunla Qaragözyan arasında mübahisə düşüb. Nəticədə Qaragözyan sabiq həmkarına atəş açıb. Xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər. Qaragözyan isə hadisə yerindən qaçıb. Ermənistanda siyasi qətllərin artması ilə bağlı müşahidə edilən bu tendensiyanı nə ilə izah etmək olar?
Təhlükəsizilik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda siyasi vəziyyətin öz kritik nöqtəsinə çatdığını söyləmək olar: “Bu gün Qərbin maliyyə yardımı da hələ ki, söz olaraq qalır, çünki iqtisadi islahatlar üçün nəzərdə tutulan maliyyə dəstəyi əvvəlcə siyasi islahatlardan keçməlidir. Siyasi islahatları keçirmək isə mümkünsüzdür. Dağlıq Qarabağ münaqişəsində də irəliləyiş yoxdur. Paşinyan çalışır ki, dekabrda seçkilər keçirilsin. Müxalif qüvvələr isə seçkilərə gələn il getmək istəyirlər. Hazırda müxalif qüvvələrə Sarukyan, Sarkisyan və Köçəryan kimi silahı və ondan necə istifadə etməyin yollarını bilən cinayətkarlar rəhbərlik edirlər. Danışıqlar baş tutmayanda artıq silahlar işə düşür və bu da gözlənilən idi. Bu proses yəqin ki, seçkilərə qədər davam edəcək. Bu üsullarla kimisə qorxudacaqlar. Kimisə müflis etmək üçün isə korrupsiya ittihamı ilə həbs etdirəcəklər. Təbii ki, bunu Qərb də, Rusiya da görür. Lakin onlara ayrı-ayrılıqla sərf edən məqamlara reaksiya vermir və susurlar. Bir hissəsi Paşinyanı hörmətdən salmağa, digərləri isə ölkədə xaos yaratmağa və bundan istifadə etməyə çalışırlar. Bir sözlə, bu qətllər də siyasi məqsədə çatmaq üçün atılan addımlardan hesab oluna bilər”.
Məhəmmədəli QƏRİBLİ