Məhəmməd Əsədullazadə: “Hazırda bu formatın inkişafına ehtiyac var”
Bu günlərə Moldovada GUAM dövlətlərinin iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub. İclasın yekununa dair bəyanat qəbul olunub. Tərəflər GUAM ölkələri ərazisində həll edilməmiş münaqişələrin nizamlanmasına daha çox diqqət ayırıb.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze bildirib ki, GUAM ərazisində həll edilməmiş münaqişələri nəzərə alaraq, geniş beynəlxalq dəstəyin göstərilməsi, üzv dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmasının davam etməsinə reaksiya verilməsi üzrə səylər artırılmalıdır.
Moldovanın Baş naziri Pavel Filip isə qeyd edib ki, GUAM ölkələri üçün təkcə iqtisadi əməkdaşlıq yox, həm də çağırışların və təhlükələrin qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsi vacibdir. O bildirib ki, təhlükəsizliyin təminatı üçün regional həmrəylik birinci dərəcəli vəzifədir.
Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu destruktiv mövqe bölgədə sülh və əminamanlığa təhdid olmaqla yanaşı, GUAM-a üzv ölkələrin inkişafına ciddi xələl gətirir.
Bununla yanaşı, GUAM ölkələri BMT-yə dondurulmuş münaqişələrin həllinə dair qətnamə layihəsini təqdim edəcək.
Bu bir reallıqdır ki, GUAM ölkələrinin ərazi bütövlüyü pozulub və neçə ildir dondurulmuş münaqişələrdən əziyyət çəkirlər. Dondurulmuş münaqişələrin BMT müstəvisində müzakirəsi bu və ya digər dərəcədə məsələni yenidən gündəmə gətirə bilər. Bu da müəyyən qədər münaqişələrin həll olunmasına təsir edə bilər. O baxımdan GUAM ölkələrinin BMT-yə dondurulmuş münaqişələrin həllinə dair qətnamə layihəsini təqdim etmək təşəbbüsünü ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “GUAM yaradıldığı ilk gündən qarşılıqlı əməkdaşlıq, siyasi inteqrasiya sayəsində dövlətlərin uğurlu bir formatıdır. Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanı birləşdirən bu qurum beynəlxalq təşkilatlarda daim yekdil çıxış edib. Bundan əlavə, ikitərəfli və çoxtərəfli dövlətlərarası münasibətlər yüksək səviyyədə olub. Qeyd edim ki, GUAM geosiyasi və regional olaraq uğurlu bir əməkdaşlıq təşkilatıdır. Bundan sonrakı fəaliyyətində daha da çevik fəaliyyət göstərməsi mütləqdir. Onu da qeyd edim ki, GUAM-a üzv olan dövlətlərin hər birinin ərazisinin müəyyən hissəsi işğal olunub və bu işğal davam edərək, dondurulmuş münaqişəyə səbəb olub. Bu gün Azərbaycan, Moldova, Ukrayna və Gürcüstan əraziləri işğala məruz qalmaqla, bir növ, bu ölkələr üzərindən beynəlxalq siyasətdə gücə malik olmaq idtəyən dövlətlər var. Həmçinin, işğal faktı GUAM-ın daha da birlikdə fəaliyyət göstərməsini tələb edir. GUAM-ın BMT-yə dondurulmuş münaqişələrlə bağlı qətnamə təqdim etmək istəyi uğurlu siyasi addımdır və beynəlxalq birliyin bu münaqişələrə diqqətini artıra bilər. Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti nəticəsində Qarabağ münaqişəsini dondurulmuş münaqişə fazasına keçirmək istəyən qüvvələr var. Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Ukraynada Donestsk və Luqansk regionları bu gün aktiv separatizmin və işğalın bariz nümunəsidir. GUAM bu kimi ərazi bütövlüyü məsələlərində birgə fəaliyyət göstərərsə, Rusiya kimi regiona təsir edən bir dövlət qarşısında siyasi müdafiəsini gücləndirə bilər. Qeyd edim ki, GUAM-ın hazırkı fəaliyyəti qənaətbəxş deyil. Hazırda bu formatın inkişafına ehtiyac var. Deyərdim ki, GUAM birgə hərbi əməkdaşlıq formatı da yaradılmalıdır. Ancaq BMT-yə təqdim olunan qətnaməyə Rusiya veto qoya bilər. Bunun da məlum səbəbləri var”.
Vidadi ORDAHALLI