Nəzakət Məmmədova: “Zatulin və onun kimilər dərk etməlidirlər ki…”
Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi aqressiv açıqlamaya Azərbaycanda kəskin reaksiyalar verilməkdədir. Həmin münasibətlərdə qeyd edilir ki, Zatulin, bir növ, Rusiya rəsmisi kimi deyil, ermənilərin sözçüsü qismində çıxış edir.
Onun ermənipərəst mövqeyinin erməni lobbisinin yardımı sayəsində mümkün olmasına heç bir şübhə yeri qalmır. Zatulinin fəaliyyəti, Ermənistan istisna olmaqla, bütün digər MDB ölkələrində Rusiyaya qarşı arzuolunmayan münasibətin formalaşmasını stimullaşdırır, bu ölkələrin ictimai rəyini Rusiyanın əleyhinə formalaşdırır. Belə bir şəxsin Rusiyada MDB ölkələri ilə iş üzrə parlament komitəsi sədrinin müavini kimi fəaliyyət göstərməsi nə dərəcədə doğru sayıla bilər?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Zatulinin kim olduğunu araşdıranda onun tutduğu mövqe, vəzifə ilə yaraşmayan hərəkətlərinin təxmini izahını da vermək mümkündür: “Əvvəla ondan başlayaq ki, Zatulin Gürcüstanda, Batumidə anadan olsa da, bu ölkəyə qarşı da aqressiv mövqeyi ilə seçilir. Üstəlik, ümummilli liderimiz Heydər Əliyevin fikirlərini oğurlayıb, onun dahiyanə "Türkiyə və Azərbaycan bir millət - iki dövlətdir" şüarını mənimsəyərək, 2011-ci ildə Moskva şəhərində "Rossiya i Abxaziya: dve stranı - odin narod" ("Rusiya və Abxaziya: iki ölkə - bir millət") adlı kitab çap etdirib.
Digər tərəfdən, bildiyimiz kimi, o, 2010-cu ilin may ayında Azərbaycana məxsus olan və dünyanın da bu cür qəbul etdiyi Dağlıq Qarabağ torpağında separatçıların keçirdiyi qanunsuz seçkilərdə müşahidəçi kimi iştirak edib və Azərbaycan tərəfindən “persona non qrata” elan olunub”.
Xanım politoloqun sözlərinə görə, Zatulin dəfələrlə Dövlət Dumasına seçilib: “O, Krasnodar diyarından Dumaya seçilib, komitə sədrinin müavinidir. Krasnodar, bildiyimiz kimi, Rusiyada ermənilərin sıx yaşadığı ərazilərdən biridir. Onun seçilməsində ermənilərin rolu istisna oluna bilməz. Yaxud əksinə, üzv olduğu hakim "Yedinaya Rossiya" partiyası onun ermənilərlə sıx əlaqəsinin olduğunu nəzərə alaraq Zatulinin oradan seçilməsinə sərait yaratmış ola bilər.
Ümumiyyətlə, diqqət yetirəndə görürük ki, istər Rusiyada, istər Qərbdə, istərsə də Latın Amerikası, yaxud dünyanın digər başqa bir yerində olsun, ermənilərin sıx yaşadığı yerlərdən çıxan siyasətçilər təmsil olunduqları orqanlarda onların maraqlarıní müdafiə edirlər.
Buna aid çox misallar göstərmək olar. Elə Stavropoldan SSRİ rəhbərliyinə gedən Qorbaçovun sonrakı fəaliyyəti buna misal ola bilər. Stavropol da, Krasnodar kimi, Rusiyada ermənilərin ən çox yaşadığı ərazilərdəndir. Burada ermənilərin lobbiçilik təcrübəsinin sözsüz ki, böyük rolu var.
Lakin Zatulinin şovinist, radikal təfəkkürlü, separatçılığı dəstəkləyən şəxs olduğu faktı təkcə bununla bitmir. O, Krımın ilhaq olunmasını dəstəkləyib, Abxaziya məsələsində separatçılara dəstək verib, 2014-cü ildə "Biz hamımız Berkut" adlı fond yaradıb. 2006-cı ildə NATO təlimlərinə etiraz etdiyi üçün Ukrayna hökuməti də onu “persona non qrata” elan etmişdi. 2 ildən sonra Rusiyanın Kiyevdəki səfirliyinin etiraz notasından sonra o, arzuolunmaz şəxs olmaqdan azad edilmişdi”.
N.Məmmədovanın sözlərinə görə, Zatulin bir neçə dəfə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanıb, xəbərdar olunub: “Gördüyümüz kimi, Zatulin Dumada MDB məsələləri üzrə komitənin rəhbərlərindən biri olsa da, Rusiyanın MDB ölkələri ilə əməkdaşlığına yox, əməkdaşlığının pozulmasına yönəlmiş bəyanatlar verməklə məşğul olur. Azərbaycan, Ukrayna, Gürcüstanın ərazi bütövlüyünə qarşı təxribat-pozuculuq işi aparır. Onun fəaliyyəti təmsil etdiyi "Yedinaya Rossiya" partiyasının, Prezident Putinin hazırkı Azərbaycan siyasətinə də ziddir. Zatulin və onun kimiləri dərk etməlidirlər ki, Azərbaycan nə 300 il əvvəlki, nə 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan müstəqil, gücü, geostrateji seçim imkanları olan dövlətdir”.
Məhəmmədəli QƏRİBLİ