Akif Nağı: “Rusiyanın rəsmi dairələri belə münasibətlərin fonunda Ermənistanın birinci xanımının təşəbbüsü ilə Azərbaycan ərazilərinə qanunsuz səfər etmək kimi cəsarəti özlərində tapa bilməzdilər”
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Oktyabrın 8-də işğal olunmuş ərazilərə gələn Akopyan təmas xəttində erməni hərbi birləşmələrinə baş çəkib. A.Akopyanı Rusiyadan olan bir sıra yazıçı, jurnalist və müxtəlif ictimai statusu olan şəxslər kimi təqdim edilən qadınlar da müşayiət ediblər.
Onlar təmas xəttində müharibəyə qarşı bəyanatlar səsləndiriblər. “Vera” yardım fondunun rəhbəri Nyuta Federmesser deyib ki, bu müharibəni bitirmək lazımdır.
Paşinyanın həyat yoldaşı onu müşayiət edən rusiyalı qadınlara Azərbaycana getməyi və orada da təmas xəttinə baş çəkməyi tövsiyə edib.
Rusiyalı qadınlar Azərbaycana gedəcəklərinə söz veriblər. Hərçənd, onlar getdikləri torpağın Azərbaycana məxsusluğu və bu səfərin qanunsuz olduğu faktorunu unudurlar. Azərbaycanın işğal altında olan ərazilərinə reallaşan səfərlə bağlı diqqətçəkən digər bir məqam isə Ermənistanın birinci xanımının bu kampaniyaya Rusiyanın dövlət rəsmiləri və tanınmış adamlarını cəlb edə bilməməsilə bağlıdır. Rusiyanın bu prosesə çox zəif dəstək verməsinin səbəbi nə ilə izah oluna bilər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın həyat yoldaşı olan Anna Akopyan uzun müddətdir bu təşəbbüslə çıxış edir: “Belə təşəbbüsün əsası isə Paşinyanın Moskvaya reallaşan səfəri zamanı qoyulub. Həmin səfərdə Paşinyanı həyat yoldaşı da müşayiət edirdi. Çox güman ki, həmin vaxt onlara Rusiyadan bu istiqamətdə dəstək verənlər tapılıb. Bilirik ki, erməni lobbisi Rusiyada çox güclüdür. Güman edirəm ki, bu cür səfərlər onların xətti ilə reallaşır. Tərkibdə kifayət qədər tanınan şəxslərin və dövlət rəsmilərinin olmaması onu deməyə əsas verir ki, Rusiya prosesi dəstəkləmir. Kimin gəlməsindən asılı olmayaraq, Rusiya vətəndaşları tərəfindən bizim qanunlarımıza hörmətsizlik nümayiş etdirilir. Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə edilən hər bir qanunsuz səfəri Azərbaycanın əlaqədar qurumları yaxından izləyir və belə hallarla bağlı qanunvericilik çərçivəsində tədbirlər görürlər. Hətta bu tərkibə belə biz rəsmi səviyyədə etiraz edib Rusiyadan həmin şəxslər barədə araşdırma aparılmasını tələb etməliyik. Rusiya rəsmilərinin isə bu tədbirdə olmamasının səbəbi də bəllidir. Bu, son vaxtlar istiləşən Rusiya-Azərbaycan münasibətlərinin mahiyyətinə görədir. Bilirsiniz ki, son üç ay ərzində Rusiya ilə Azərbaycanın dövlət başçıları 4 dəfə görüşüblər. Təbii ki, Rusiyanın rəsmi dairələri belə münasibətlərin fonunda Ermənistanın birinci xanımının təşəbbüsü ilə Azərbaycan ərazilərinə qanunsuz səfər etmək kimi cəsarəti özlərində tapa bilməzdilər”.
Məhəmmədəli QƏRİBLİ