Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının işğalçı Ermənistana vurduğu ən böyük zərbələrdən biri də adıçəkilən ölkənin Silahlı Qüvvələrində yaşanan tənəzzülü daha da sürətləndirməsidir. Hələ 2016-cı ilin aprel döyüşü kifayət qədər aydın şəkildə nümayiş etdirdi ki, erməni ordusunun Azərbaycan əsgəri qarşısında tab gətirməsi mümkünsüzdür.
İstər döyüş qabiliyyəti, istərsə də maddi-texniki təminat baxımından ordumuz düşməni dəfələrlə üstələyir. Elə bundan sonra Ermənistan rəhbərliyi Silahlı qüvvələrindəki məsul şəxsləri az qala tam heyətdə əvəzləsə də, reallıqda dəyişən heç nə yoxdur.
Hazırda mövcud olan vəziyyət göstərir ki, erməni ordusu, xüsusən də onun işğal altındakı ərazilərə yerləşdirilən hissələri ötən dövr ərzində daha bərbad bir duruma düşüblər. Elə bu da onların, Qarabağ münaqişəsi yenidən alovlanacağı təqdirdə, Azərbaycan tərəfinə hansısa ciddi müqavimət göstərə bilməsini mümkünsüz edir. Digər tərəfdən, indinin özündə də hansısa ciddi hərbi əməliyyatlar olmadan düşmən tərəfin böyük itkilərə məruz qalması aydın müşahidə olunur. Araşdırmalar göstərir ki, təkcə 2018-ci il sentyabrın 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza nəticəsində bir neçə hərbçi həyatını itirib. Ümumiyyətlə, sentyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 5 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si naməlum, 1-i təxribat, 1-i qəsdən öldürülmə, 1-i isə qəza hadisəsi nəticəsində baş verib. Düşmən ordusunda, keçən ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 8 hərbçi yaralanıb. Bunlardan 4-ü döyülmə, 2-si qəza, 1-i güllələnmə, 1-i mina partlayışı nəticəsində olub. Bununla yanaşı, ən azı 1 fərarilik, 1 korrupsiya, 1 oğurluq faktı da aşklarlanıb. Qeyd edək ki, qeyd olunan rəqəmlər erməni mediasının rəsmi məlumatları əsasında hazırlanıb. Amma qeyri-rəsmi məlumatlar itkilərin sayının daha çox olduğunu üzə çıxarır. Eyni zamanda belə məlum olur ki, düşmənin cəbhədə təxribat cəhdləri ona getdikcə daha baha başa gəlir. Məsələn, yenə ötən ay
Azərbaycan Ordusunun cavab atəşi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin təxribata əl atan hərbi qulluqçusu, 38 yaşlı Aykaz Matevosyan məhv edilib. Qeyd olunur ki, müqavilə əsasında hərbi xidmət keçən Aykaz Matevosyan Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib. Bunun ardınca Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz xidmət keçən daha bir erməni əsgərin meyiti tapılıb. Belə ki, əsgər Qevork Aroyanın cəsədi Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunun cənub-şərq istiqamətindəki hərbi hissələrinin birində aşkarlanıb. Onun naməlum şəraitdə aldığı güllə yarasından öldüyü bildirilir. Qarabağ bölgəsində qanunsuz yerləşdirilən işğalçı erməni ordusunun “N” saylı hərbi hissəsində xidmət keçən Aqasi Derenikoviç Mkrtçyan da keçən ay həyatını itirən erməni əsgərləri sırasında yer alır. Yenə ötən ay Ermənistan ordusunun hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç güllə yarasından ölüb. Erməni mediası yazır ki, oktyabr ayının ötən dövrü ərzində ən azı iki erməni hərbçisi Qarabağda həyatını itirib. Bundan başqa məlumdur ki, Ermənistan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki hərbi birləşməsinin əsgəri Gevorq Aroyan elə bu ayın əvvəlində qətlə yetirilib. Əsgərin anası Arina Aroyan Gevorqun döyülərək öldürüldüyünü iddia edib: “Oktyabrın 1-də mənə dedilər ki, oğlun gözlənilmədən vəfat edib. Mən buna inanmadım. Gevorqun ölümündən bir gün əvvəl Qarabağa getmişdim, yaxşı idi. Səhəri gün isə mənə bu pis xəbəri gətirdilər. Meyitinə baxdım, bədənində, gözlərinin altında və qulaqlarına bənövşəyi rənglər var idi”. Qeyd edək ki, oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tədqiqat İdarəsi bəyanat yayaraq, Gevorq Aroyanın sinəsinə atəş açaraq intihar etdiyini bildirmişdi. Anası Arina isə əksini iddia edir: “Mən onu ziyarət etməyə gedəndə uşaq köhnə paltarda idi. Ona yeni hərbi forma aldım. Paltarını dəyişdirəndə başında yara olduğunu gördüm. Bu haqda mənə heç nə demədi, amma mən bildim ki, ona burada işgəncə verirlər. O, qorxusundan şikayət etmədi. Lakin mən bu işi araşdırmaq üçün Xankəndinə getdim, mənə dedi ki, general Manvelyan mənə kömək edə bilər. Mən Gevorqa dedim ki, qayıdacam. O isə mənə dedi ki, ana tez gəl. Mən heç nə düşünə bilmirdim, o dəhşət içində qorxurdu, az qala yalvarırdı. Mənim uşağım intihar edə bilməzdi, bu axmaqlıqdır. Onu işgəncə verərək, döyərək öldürüblər”.
Amma düşmən ordusunda son günlər ərzində qeydə alınan insidentlər təkcə qeyd olunalarla məhdulaşmır. Burada hərbçiələrə qarşı əvvəlki kimi qeyri-insani rəftar sərgilənir. Hətta iş o yerə çatıb ki, Ermənistan ordusunda xəstələrə münasibət əsgər valideynlərinin kəskin narazılığına səbəb olub. Elə son günlər Ermənistanın sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox müzakirə olunan məsələlərdən biri komandanlığın xəstəliklərdən əziyyət çəkən əsgərlərə laqeyd münasibətidir. Sosial şəbəkə paylaşmalarından və şərhlərdən məlum olur ki, Ermənistan ordusunda xəstələrin tibb məntəqələrinə göndərilməməsi, bəzən isə zabitlər tərəfindən bu işə məqsədyönlü şəkildə maneələrin yaradılması əsgər valideynlərinin kəskin narazılığına səbəb olub. Məlumatlarda işğal altında olan ərazilərimizdə yerləşdirilmiş düşmən ordusunun bölmələrində xəstəliklərə yoluxmuş, yaxud da müxtəlif bədən xəsarətləri almış şəxslərin hərbi hospitallara yerləşdirilməsinin də zabitlərin əlavə qazanc yerinə çevrildiyi qeyd edilir. Xəbərlərdə o da vurğulanır ki, xüsusi tapşırıq, şikayət olmasa, ən əsası rüşvət ödənilməsə heç bir xəstə əsgər və zabitin hərbi müalicə müəssisələrinə göndərilməsi mümkün deyil. Düşmən ordusunun işğalı altında olan Xocavənd, Cəbrayıl, Ağdərə rayonları ərazisində yerləşdirilmiş bölmələrində hospitala göndərilmək üçün rüşvət tələb etmə faktı üzrə təkcə avqust ayında 50-dən artıq şikayət məktubunun daxil olduğu bildirilir. İş o həddə çatıb ki, Qarabağda xidmət edən David Qalistyan, Hrac Gazaryan və Artak Meloyan soyadlı hərbi qulluqçuların valideynləri bu problemlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana şikayət etmək məcburiyyətində qalıblar. Bu şikayətlərdən sonra işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən Ermənistan ordusunun hərbi tibb müəssisələrində araşdırmalara başlanıb. Amma yenə də ciddi şəkildə dəyişən nəsə yoxdur. Komandanlığın təzyiqlərindən qorxanların olmasına baxmayaraq, tibb müəssisələrində müalicə olunanların çoxu buraya rüşvət ödədikdən sonra göndərildiyini təsdiq edib. Reallıq yenə bundan ibarətdir ki, Ermənistan ordusunda özbaşınalıq və qanunsuzluq səbəbindən baş verən cinayətlər artmaqdadır. Bu fonda övladlarının ölüm səbəbindən şübhələnən əsgər valideynlərinin şikayətləri düşmən ordusunda daha bir qalmaqala səbəb olub. Belə ki, Dağlıq Qarabağdan Ermənistana gətirilən əsgər meyitlərinin təkrar tibbi ekspertizadan keçirilməsi və onların nəticələri valideynləri qəzəbləndirib. Məlumatda deyilir ki, təkrar ekspertiza zamanı ölən əsgərlərin bəzilərinin qara ciyəri, dalağı, böyrəkləri və digər orqanlarının yerində olmadığı aşkar edilib. Məhz bu səbəbdən valideynlər onların qəsdən çıxarıldığını iddia edir və müəmmalı əsgər ölümlərinin qanunsuz orqan ticarəti ilə bağlı olduğundan şübhələnir. Onlar israrla hər bir əsgər meyitinin dəfndən əvvəl təkrar müstəqil ekspertlər tərəfindən ekspertizasını tələb edirlər. Ermənistan ordusu rəhbərliyinin ciddi səyləri nəticəsində hadisə ictimailəşməsə də, qalmaqal daha da böyüməsin deyə, təcili araşdırılmalar başlayıb. Bütün bunlar bir daha düşmən ordusunda qeyri-qənaətbəxş bir vəziyyət formalaşdığını göstərir və yuxarıda qeyd olunan qəbildən nümunələrin sayının daha da artırılması mümkündür. Belə vəziyyət bir daha təsdiq edir ki, tənəzzüldə olan düşmən ordusu, hərbi əməliyyatlar yenilənəcəyi təqdirdə, Silahlı Qüvvələrimizə qətiyyən müqavimət göstərmək iqtidarında deyil. Məhz bu səbəbdən erməni cəmiyyətində açıq etiraflar edilir ki, Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün Azərbaycanla danışıqları davam etdirməli, məsələnin güc müstəvidə həllinə yönəlik addımlar atmamalıdır. Əks təqdirdə bu, Ermənistan üçün kifayət qədər böyük problemlərə gətirib çıxara bilər. Erməni politoloq Aleksandr İsgəndəryan bu xüsusda bildirir ki, İrəvan Bakı ilə münasibətlərdə ehtyiatlı olmalı, konfliktin hərbi həllini tətikləyəcək situasiyadan qaçmalıdır. Bu fonda o, konkret hal kimi Paşinyanın Dağlıq Qarabağdakı rejimin danışıqlara qatılması ilə bağlı fikirlərini indiki situasiyada qeyri-real gediş kimi qiymətləndirir. İsgəndəryan rəsmi Bakının bundan sonra da Dağlıq Qarabağın tərəf olaraq masa arxasında əyləşməsinə izn verməyəcəyini bildirib. O bunun həm Robert Köçəryan, həm də Serj Sarkisyan dövründə də dəfələrlə dilə gətirildiyini xatırladıb. İsgəndəryan Paşinyanın Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf olaraq iştirak etməli olduğu barədə sözlərini daha çox daxili auditoriya üçün səsləndirdiyini vurğulayıb. Bununla yanaşı qeyd edib ki, belə yanaşma Qarabağ münaqişəsini tətikləyə bilər və İrəvanın, konkret olaraq Paşinyanın Düşənbə sammitində bunu anlaması Ermənistan üçün yaxşı haldır. Hesab edilir ki, Ermənistanın diplomatik, hərbi, iqtisadi, siyasi müstəvidə böyük fərqlə Azərbaycandan geri qalmasını nəzərə alan rəsmi İrəvan sülh danışıqlarının mümkün qədər tez başlamasına cəhd göstərməlidir. Ən azı o baxımdan ki, Qarabağ konfliktinin hərbi müstəvidə çözülməsinə ehtiyac qalmasın. Əks təqdirdə erməni ordusunun yuxarıda qeyd olunan durumunda mümkün Qarabağ savaşı zamanı düşmənin qısa zaman kəsiyində darmadağın olacağı birmənalıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.