Məhəmməd Əsədullazadə: “Vladimir Putin ölkəmizlə əlaqələrə xüsusi diqqət ayırırsa, investisiya yatırmaq üçün müqavilələr imzalayırsa, bu şəxslərin bəyanatları heç nəyi dəyişməyəcək”
Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Rusiyanın ruposters.ru saytına Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas xəttində gərginliyin aradan qaldırılması yolları haqqında Düşənbədəki şifahi razılaşmaya münasibət bildirərkən bir sıra qərəzli fikirlər səsləndirib.
Onun sözlərinə görə, guya Azərbaycanın real siyasəti deyilənlərdən kardinal şəkildə fərqlənir: “Bu gün Azərbaycan rəhbərliyi kompromiss istəmir, silahlanmanın, hərbi büdcəni yüksəltməyin, hərbi hədə-qorxunu artırmağın hesabına öz bildiyini əldə etmək istəyir. Biz bu işdə qəti olaraq maraqlı deyilik. Ona görə də mənim və kolleqalarımın bütün cəhdləri, çalışmaları Dağlıq Qarabağda müharibənin yenidən başlanmasına imkan verməməkdir. Və bu məsələlərdə bizim rəqibimiz müharibədən həddən çox danışan Azərbaycanın rəhbərliyi və siyasi dairələridir. Onu da vurğulamaq istəyirəm ki, bu müharibə Azərbaycanın özünün dağılması ilə nəticələnə bilər. Bu heç də olmaq istədiyi elə bir sabit ölkə də deyil. Azərbaycan başqa bəzi Şərq dövlətləri kimi görüntü yaradır ki, guya siyasət aparır. Onun apardığı siyasətlə bizim o siyasət haqqında nə düşündüyümüz arasında böyük fərq var”.
Zatulinin ermənipərəst mövqe sərgiləməsi yeni deyil. O dəfələrlə Azərbaycanın əleyhinə həqiqətə uyğun olmayan qərəzli fikirlər səsləndirib. Eyni zamanda, o, Rusiyadakı erməni lobbisinin maraqlarını ifadə edir. Görünən odur ki, son dövrlər Rusiya ilə Azərbaycan arasında müşahidə olunan yaxınlaşma, bütün sahələrdə əlaqələrin genişlənməsi erməni lobbisini bərk narahat edir. Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması fonunda, oradakı erməni lobbisi yenidən fəallaşaraq bunun qarşısını almaq üçün fəaliyyətə keçib. O baxımdan Zatulinin məlum açıqlaması fonunda bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, son dövrlər Rusiya-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafı erməni lobbisini narahat edir: “Hər iki dövlətin başçılarının 3 ay ərzində 4 dəfə görüşməsi, görünür, Rusiyada erməni lobbisini ciddi narahat edir. Soçidə iki ölkə arsında sənədlərin imzalanması və “Yol xəritəsi”nin qəbul olunması, müştərək müəssisələrin inşası Ermənistanın Cənubi Qafqazda Rusiya üçün əhəmiyyətini tədricən azaldır. Ermənistanda inqilabi hakmiyyətin anti-Rusiya siyasəti Kremlin bu ölkəyə qarşı etimadının azalmasına səbəb olur. Qeyd edim ki, Rusiya Dumasında və Xarici İşlər Nazirliyində fəal erməni lobbisi fəaliyyət göstərir. Dumanın bəzi deputatlarının ölkımiz əleyhinə fikirləri birbaşa erməni lobbisinin təsiri altında həyata keçirilir. Hesab edirəm ki, Zatulinin bu kimi açıqlamaları erməni lobbisinin maliyyəsindən qaynaqlanır. Bu şəxslər Rusiya Prezidentinin siyasətinə zidd olaraq fəaliyyət göstərirlər. Vladimir Putin ölkəmizlə əlaqələrə xüsusi diqqət ayırırsa, investisya yatırmaq üçün müqavilələr imzalayırsa, bu şəxslərin bəyanatları heç nəyi dəyişməyəcək. Daima Rusiyada erməni lobbisi ölkəmizə qarşı fəal əks-kampaniya aparıb. Ərazilərimizn işğalında da bunların fəaliyyəti danılmazdır. Hesab edirəm ki, erməni lobbisi Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsinin başlıca səbəbkarıdır. Sabah Rusiya Qarabağ məsələsində neytrallıq nümayiş etdirərsə, öz geosiyasi maraqlarına uyğun erməni lobbisi çalışacaq ki, buna mane olsun. Hesab edirəm ki, Rusiya ətrafında dəyişən regional şərtlərə uyğun olaraq, erməni lobbisinin fəaliyyəti zəiflədilməlidir. Yoxsa, Moskva getdikcə Cənubi Qafqazda problemlərlə üzləşəcək”.
Vidadi ORDAHALLI