Əkbər Qoşalı: “Mərkəzi Asiyada bir çox dövlətlə, xüsusilə qardaş türk respublikaları ilə bizi sıx tellər bağlayır və onların təhlükəsizlik sahəsində əldə edəcəkləri üstünlüklər bizdə məmnunluq doğuracaq”
ATƏT Parlament Assambleyasının Bişkekdə 17-ci payız sessiyası keçirilib. Tədbirdə Azərbaycanı təmsil edən deputatlar da iştirak ediblər. Sessiya çərçivəsində “Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq” mövzusunda konfrans təşkil olunub. Tədbirdə Mərkəzi Asiyada regional əməkdaşlığın daha da genişləndirilməsi yolları müzakirə olunub.
Azərbaycan tərəfi parlament əməkdaşlığı sahəsində səmərəli platforma kimi Mərkəzi Asiya Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb. Qeyd olunub ki, Mərkəzi Asiya ölkələri üçün regional parlamentlərarası dialoq və əməkdaşlıq üçün yeni bir platformanın yaradılmasına ehtiyac duyulur. Belə bir platforma regional əməkdaşlığı əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, eləcə də istənilən potensial problemin vaxtında qarşısının alınması və ən önəmlisi, qarşılıqlı maraq və anlaşma əsasında mövcud problemlərin həlli istiqamətlərində parlament diplomatiyası üçün birləşdirici amil olacaq. Həmçinin, ATƏT PA-nın Əfqanıstanın regional proseslərdə daha yaxından iştirakına dəstək göstərmək üçün BMT ilə birlikdə Mərkəzi Asiya regionunda təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi üzrə birgə tədbirlər keçirməsinin faydalı ola biləcəyi bəyan olunub.
Maraqlıdır, sadalanən məsələlər fonunda Mərkəzi Asiya Parlament Assambleyasının yaradılması təklifini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalının sözlərinə görə, belə bir təklif diqqətəlayiqdir: “Özəlliklə Mərkəzi Asiya üçün parlamentlərarası dialoq və işbirliyi baxımından yeni bir platformanın – Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifi beynəlxalq miqyasda müsbət reaksiya doğuran, həyata keçəcəyinə inandığımız bir təklifdir. Bu platforma bölgədə işbirliyini önəmli ölçüdə genişləndirə, dərinləşdirə bilər. Habelə istənilən gərginliyin, yaxud potensial gərginliyin daha ağrısız ötüşməsi, başqa sözlə, öncədən qarşısının alınması yönündə parlament diplomatiyası üçün mühüm amil kimi çıxış edə, diplomatların əlini gücləndirə bilər. Əlbəttə, ATƏT PA, digər beynəlxalq qurum və quruluşlar özünməxsus funksiyalar daşıyır, birgəyaşayışa, sülhyaratma işinə, dialoqa töhfələr verirlər. Ancaq sözügedən təklifin gerçəkləşməsi Mərkəzi Asiya üçün gecikmədən həyata keçirilməsi vacib olan, yeni uğurların əsasını qoyacaq bir təklifdir. Şübhəsiz ki, ATƏT PA-nın bu sessiyasında qaldırılan məsələlər bölgə üçün, bötövlükdə, ATƏT-in üzvü olan ölkələrin coğrafiyası üçün önəmlidir. Hamımız bilirik ki, Mərkəzi Asiya bir çox problemlər və gələcəkdə törəyə biləcək problemlərdən xali olmayan bir geopolitik məkandır. Bişkəkdəki müzakirələr ortaq tarixə, mədəniyyətə, coğrafi özəlliklərə malik olan Mərkəzi Asiya ölkələri arasında, qanunverici orqanlar səviyyəsində, ümumən rəsmi səviyyədə dialoqun gücləndirilməsi, qarşılıqlı güvənin möhkəmləndirilməsi, yaxud daha da möhkəmləndirilməsi prosesinə töhfə verməyə, eləcə də bölgədə işbirliyinin güclənməsi üçün imkan yaradır. Bişkək konfransında güvənin möhkəmləndirilməsi və bölgədə işbirliyi vasitəsilə Mərkəzi Asiya ölkələrinin sərhədlərində mövcud olan problemləri, təhdidləri aradan qaldırmaq və onlara qarşı təsirli mübarizə yolları axtarmağın vacibliyi xüsusi vurğulanıb. Heç kəsə sirr deyil ki, Mərkəzi Asiyada sərhəddə yaşanan problemlər arasında narkotik və silah alveri, qanunsuz miqrasiya, dini ekstremizm, terrorizmin yayılması və s. ən çox narahatlıq doğuran həlli vacib məsələlərdir. Heç şübhəsiz, bu həlli təxirəsalınmaz dərəcədə vacib məsələlər yalnız Mərkəzi Asiya üçün deyil, digər coğrafiyalar, o cümlədən ATƏT-in çevrələdiyi bölgələrdə təhlükəsizliyə, ictimai asayişə, sağlamlığa, sülhə təhdiddir. Bu səbəbdən də belə məsələlərin qarşılıqlı anlaşma və işbirliyi ortamında, vaxtlı-vaxtında həll olunması ümumi maraqların ifadəsidir. Mərkəzi Asiyada bir çox dövlətlə, xüsusilə qardaş türk respublikaları ilə bizi sıx tellər bağlayır və onların əldə edəcəyi uğurlar, təhlükəsizlik sahəsində əldə edəcəkləri üstünlüklər bizdə məmnunluq doğuracaq”.
Vidadi ORDAHALLI