Məhərrəm Zülfüqarlı: “Monterey-Lənkəran Dostluq Assosiasiyasının yaradılması tərəflər arasında əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək”
Kaliforniyanın Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb. Assosiasiyanın icraçı direktoru Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfricdir. Təşkilatın İdarə Heyəti və Məşvərətçilər Şurasında Monterey şəhərinin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri təmsil olunurlar.
Assosiasiyanın məqsədi Monterey və Lənkəran şəhərləri arasında münasibətlərin müxtəlif layihələr vasitəsilə qarşıdakı illərdə daha da gücləndirilməsi və inkişaf etdirilməsidir.
Qeyd edək ki, Monterey və Lənkəran şəhərləri 2011-ci ildə qardaşlaşıblar. Ötən dövr ərzində iki şəhər arasında səfər mübadilələri, həmçinin, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə Monterey şəhərində Azərbaycanın təbliği və Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılması istiqamətində siyasi, iqtisadi və mədəni xarakterli müxtəlif tədbirlər həyata keçirilib, şəhərdə Azərbaycanın dostlarının sayı artıb.
ABŞ-ın tərkibinə daxil edilənədək Kaliforniyanın XIX əsrin birinci yarısında paytaxtı olmuş, Sakit okean sahilində yerləşən qədim Monterey şəhəri Kaliforniyada bir çox “ilk”lərin, o cümlədən ilk qəzetin, teatrın, çap evinin, kitabxananın və dövlət məktəbinin vətənidir. Hazırda 30 minə yaxın əhalisi olan və Kaliforniyanın ictimai, siyasi və mədəni həyatında önəmli rol oynayan şəhər xüsusilə hərbi dənizçilik və xarici dillərin tədrisi sahələrində ixtisaslaşmış mühüm təhsil ocaqları ilə də məşhurdur. Bunların sırasında ABŞ Müdafiə Nazirliyinin Xarici Dillər İnstitutunu və ABŞ Dəniz Donanmasına məxsus olan Ali Dənizçilik Məktəbini qeyd etmək olar.
İstənilən halda, iki dövlətin şəhərləri arasında bu kimi əlaqələrin qurulmasının nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu kimi əlaqələrin Azərbaycan üçün bir sıra əhəmiyyəti var: “Əvvəla bu təcrübə bizdə yeni deyil. Məsələ ondadır ki, hələ sövet dönəmində Sumqayıt Almaniyanın Lüdviqşafen şəhəri ilə, Xırdalan Bolqarıstanın Rodomir şəhəri ilə qardaşlaşıb və s. İndi də bu proses gedir və əlbəttə ki, belə əlaqələr dövlətlərarası mədəni, iqtisadi, dostluq münasibətlərinin güclənməsinə kömək edir. Eyni zamanda, müxtəlif problemlərin həllində bu əlaqələr müsbət rol oynayır. Ona görə də qardaşlaşan Monterey və Lənkəran şəhərləri ilə bağlı belə bir assosiasiyanın yaradılması müsbət haldır. Kaliforniyada Monterey-Lənkəran Dostluq Assosiasiyasının yaradılması tərəflər arasında əlaqələrin genişlənməsinə, şəhərlərarası əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Bütün bunlar Azərbaycanın xeyrinədir. O mənada bizim xeyrimizədir ki, bunun sayəsində Azərbaycan həqiqətləri Kaliforniyada yayılacaq. Nəzərə almaq lazımdır ki, erməni lobbisinin Birləşmiş Ştatlardakı başlıca dayaq məntəqəsi məhz Kaliforniya ştatında yerləşir. Bu baxımdan Azərbaycanla Kaliforniya arasında müxtəlif səpkili əlaqələrin qurulması vacib əhəmiyyət kəsb edir. Bu əlaqələrin timsalında ABŞ-ın aparıcı ştatlarında Azərbaycanı tanıtmaq, təbliğ etmək mümkün olacaq. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın mənafeyinə uyğundur”.
Vidadi ORDAHALLI