Aqşin Əliyev: “Ən mürəkkəb məsələnin həlli deyəndə o, Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuta bilər”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müsahibəsində söyləyib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşlərinin yekunları olduqca müsbətdir. D.Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir.
“Buraya hansı məsələlər daxil olduğunu özünüz bilirsiniz”, - deyən Dmitri Peskovun sözlərinə görə, iki ölkə arasında çoxşaxəli münasibətlər var. Kremlin rəsmi nümayəndəsi daha sonra deyib: “Bizim ənənəvi ikitərəfli münasibətlərimiz olduqca çoxcəhətlidir, ölkələrimizin xalqları isə həqiqətən qardaş xalqlardır. Bizi birləşdirən ortaq tariximiz var və şübhə etmirik ki, bundan sonrakı tariximiz də ortaq olacaq”.
Göründüyü kimi, Peskov “Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimada əsaslanan tərəfdaşlıq münasibətləri ən mürəkkəb məsələləri müzakirə etməyə imkan verir” fikrini bildirib. Bu kontekstdə o, ən mürəkkəb məsələ deyəndə nəyi nəzərdə tutub?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, son vaxtlar doğrudan da Rusiya-Azərbaycan münasibətləri yeni məcraya yönəlib: “Ölkələrimiz arasında olan xoş münasibətlər daha da zənginləşib. Bu xüsusda hər iki ölkə başçısının mütəmadi şəkildə görüşdüyünü xüsusi qeyd etmək olar. Son 3 ay ərzində ölkə başçılarının 4 dəfə görüşməsi tərəflər arasında qarşılıqlı etimadın yüksək olmasından xəbər verir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfəri Bakı və Moskva arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Burada əldə edilən razılıqlar qarşıdakı dövr ərzində Rusiya və Azərbaycan arasında münasibətlərin daha da dərinləşəcəyini göstərir. Hiss edilir ki, proseslərin bu istiqamətdə inkişafından narahat olan tərəf Ermənistandır. Ermənistanda açıq etiraf edilir ki, Azərbaycanın uğurlu siyasəti nəticəsində Moskva Bakını regionda əsas müttəfiqi kimi qəbul edir. Ermənistanda bu narahatlıq hələ Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra özünü daha qabarıq formada büruzə verir. Görünən odur ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü və orada imzalanan sənədlərin məzmunu İrəvanı əməlli-başlı təlaşa salıb. Bu, eyni zamanda, Moskva ilə münasibətləri gərginləşdirən İrəvan üçün bir nümunədir. Xüsusilə də Putinin İrəvana səfərinin ləğvini onlar özləri üçün ciddi təhlükə sayırlar. Bütün bunların fonunda, Peskovun etirafı yerinə düşmüş olur. Təbii ki, ən mürəkkəb məsələnin həlli deyəndə o, Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuta bilər. Çünki Azərbaycan üçün bundan mürəkkəb məsələ yoxdur”.
Məhəmmədəli QƏRİBLİ