Hatəm Cabbarlı: “Amma hələlik parlament öz ssenarisini həyata keçirməyə cəhdlər göstərir”
Ermənistan yeni ziddiyyət burulğanına düşüb. Nikol Paşinyanın bir neçə ay əvvəl başlatdığı siyasi proses özünün daha kəskin intriqalarla dolu olan qarşıdurma mərhələsinə qədəm qoyub. İndi baş nazirlə parlament seçki və hökumətə başçı təyin etmək məsələsində yekdil qərara gələ bilmirlər.
Vəziyyəti düzəltmək üçün hökumətlə əsas siyasi qüvvələr arasında aparılan danışıqlar da bir nəticə vermir. N.Paşinyan müzakirələrdən sonra jurnalistlərə deyib ki, "yeganə ortaq fikir ondan ibarətdir ki, heç bir ortaq fikrə gələ bilməmişik". Bu cür vəziyyətin hansı müddətə davam edəcəyi bilinmir. Lakin atıq ekspertlər bir sıra geosiyasi və siyasi proqnozlar verirlər. Onlar, bütövlükdə, Ermənistanın siyasi gələcəyini nikbin görmürlər. Konkret detallara gəldikdə isə, meydana çoxlu sayda risqli və qeyri-müəyyən xarakterli faktorların çıxdığından bəhs edirlər. Məsələn, belə ehtimallar var ki, Paşinyan, ümumiyyətlə, istefa verməyə bilər. Digər versiyalara görə isə, Paşinyan istefa verdikdən sonra qanunvericilik qüvvəsini itirməyən parlament onun yerinə başqa şəxsi baş nazir seçə bilər. Zənn edək ki, səslənən bu iki versiyadan biri baş tutur. Onda Ermənistanın gələcəyini necə təsəvvür etmək olar?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda siyasi böhrana səbəb olan hadisələr cərəyan edir: “Keçdiyimiz günlərdə İrəvan meri seçkilərini baş nazir Nikol Paşinyanın dəstəklədiyi blok əzici çoxluqla - 81 faiz səs toplayaraq qazandı. Bu seçkilərin nəticəsi Paşinyan hökumətinə dəstək, parlamentə isə xəbərdarlıq kimi də anlaşıla bilər. Arxasında xalqın dəstəyini hiss edən Paşinyan növbədənkənar parlament seçkilərini keçirməyə fürsət tapdı. Bu fürsəti ona elə rəqabət içində olduğu Ermənistan parlamenti verdi. Ermənistan parlamentinin reqlament qanununda dəyişikliyi həyata keçirməsindən sonra Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün parlamentdə təmsil edilən və müxalifət olan siyasi partiyaların nümayəndələri ilə görüşdü. Dərhal sonra da hökumətdə təmsil edilən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının nümayəndələrini hökumətdən qovdu. Hazırda Ermənistanın daxili ictimai-siyasi həyatında ciddi böhran yaşanır”.
Həmsöhbətimiz hesab edir ki, Paşinyan istefa verərək parlamentin iki dəfə onu seçməməsini və bununla bağlı parlamentin buraxılaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir: “Əlbəttə, parlament buna razı deyil. Parlament müxalifətinin özlərinin baş nazir postuna namizədləri olmayacağı məsələsinə hələlik aydınlıq gətirilməyib. Paşinyan bütün siyasi karyerasını və gələcəyini “va banka” gedərək növbədənkənar parlament seçkilərinin keçirilməsində israr edir. Həm də ən qısa müddətdə-cari ilin dekabr ayına qədər.
Paşinyan arxasında dayanan xalq kütləsinin təzyiqi ilə parlamenti hədələyərək onun oyun qaydaları ilə oynamağa məcbur edir. Amma hələlik parlament öz ssenarisini həyata keçirməyə cəhdlər göstərir. Önümüzdəki günlərdə cərəyan edən hadisələr Ermənistanın gələcəyinin hansı istiqamətdə olacağı baxımından olduqca əhəmiyyətlidir”.
Məhəmmədəli QƏRİBLİ