Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın uğurlu inkişafını, beynəlxalq aləmdə mövqelərinin güclənməsini şərtləndirən başlıca məqamlardan biri ölkəmizin uğurla həyata keçirdiyi balanslı siyasətdir. Ötən zaman kəsiyi Azərbaycanın bu istiqamətdə siyasətinin özünü tam doğrultduğunu, ölkəyə getdikcə daha böyük dividendlər qazandırdığını aydın şəkildə nümayiş etdirir.
Məsələnin bu tərəfinə nəzər salan rus politoloq Sergey Markedonov “Eurasia. Expert” nəşrində dərc etdiyi məqaləsində Bakının Rusiya, eləcə də Qərb, eyni zamanda Asiyanın aparıcı dövlətləri ilə yüksəksəviyyəli əməkdaşılğının Azərbaycanın inkiaşfına yüksək töhfə verdiyini vurğulayır. Öncə Rusiya prezidenti Vladimir Putinin son Bakı səfərinə nəzər salan poliotolq yazır: “Rusiya prezidenti və digər yüksək vəzifəli rəsmilərin Azərbaycana baş tutan səfərləri nəinki bu ölkələrin ikitərəfli münasibətləri kontekstində diqqət çəkir, həm də, adətən, onlar Ermənistana baş tutan analoji səfərlərlə müqayisədə nəzərdən keçirilir.
Burada ilk növbədə Rusiya və Azərbaycan prezidentlərinin əlaqə intensivliyini qeyd etmək lazımdır. Elə təkcə ikitərəfli danışıqlar formatını nəzərə alsaq, sentyabrda Putin və Əliyev iki dəfə görüşüb. Putinin Ermənistana da səfərinin nəzərdə tutulmasına baxmayaraq, onun haçan reallaşacağı bəlli deyil. Rusiya prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə keçirilən MDB ölkələrinin sammitində baş tutan görüşündə isə bu mövzu müzakirə edilməyib. Ermənistandakı “məxməri inqilab”ın səbəb və nəticələri ilə bağlı fikir ayrılığı yaşayan ekspertlər, adətən, bir məsələdə həmfikirdir ki, Ermənistandakı daxili siyasi dəyişikliklər Moskvanın narahatlığına səbəb olur. Rusiya xarici işlər naziri Sergey Lavrov da oxşar mövqe sərgiləyib. Azərbaycan istiqamətində isə son vaxtlar heç bir “narahatlıq” gözə çarpmır. Əksinə, Moskva və Bakı ikitərəfli iqtisadi münasibətlərdə müsbət irəliləyişi qeyd edir və Xəzərin statusu haqqında Konvensiyanın imzalanması kimi ümumi uğur hekayəsindən bəhs edirlər. Bundan başqa, sentyabrın 1-i Putin və Əliyevin Soçi danışıqları ərəfəsində KİV-də Azərbaycanın KTMT-yə mümkün üzvlük perspektivləri aktiv şəkildə müzakirə edilib. Bu fonda belə bir sual meydana çıxır: Rusiya-Azərbaycan münasibətlərindəki intensivlik Moskvanın prioritetlərində dəyişikliyin baş verdiyinimi göstərir? Bunu Rusiyanın xarici siyasi dönüşünün başlanğıcı, ya da ən azından əvvəlki mövqeyinin təftişi kimi şərh etmək olarmı?
Yuxarıda qeyd edilən suallara cavabların taktiki və strateji ölçüsü var. Birinci halda Soçi və Bakı danışıqlarının gündəliyinə nəzər yetirməmiz kifayətdir. Bu gün Bakı və Moskva arasında sosial-iqtisadi süjetlərin üstünlüyü göz qabağındadır. Əliyev Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı xüsusilə qeyd edib ki, “Rusiya Azərbaycan üçün qeyri-neft sahəsində məhsullarımızın idxalında və ixracında bir nömrəli tərəfdaşdır”. Milli iqtisadiyyatın diversifikasiyası bir neçə ildir Bakı üçün prioritet tapşırıqdır. Qərb tərəfdən sanksiya təzyiqinin artdığı bir şəraitdə Moskva Avrasiyada müxtəlif tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlıdır. Özü də təkcə inteqrasiya birlikləri formatında deyil, eyni zamanda ikitərəfli əsasda. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici siyasi kursu, prinsipcə, maraqların balansına və inteqrasiya layihələrinə sərt bağlılıqdan imtinaya əsaslanıb. Bakıda ikitərəfli münasibətlər modelinə üstünlük verilir. Belə bir model nəinki Rusiya, ilk növbədə Türkiyə, habelə İran, İsrail və ABŞ nümunəsində də özünü doğruldub. Yuxarıda qeyd edilən ölkələr arasında münasibətlər kifayət qədər mürəkkəb olsa da, onların hamısı Azərbaycana, Azərbaycan da onlara maraq göstərir. Çətin ki, bu xətti nə iləsə sındırmaq mümkün olsun. Ona görə Bakı “əsrin müqaviləsini” və Qərbin enerji nəhəngləri ilə strateji tərəfdaşlığını yenidən nəzərdən keçirməyəcək, eyni zamanda “qoşulmamaq” kursundan imtina etməyəcək.
Bəli, Azərbaycan ictimaiyyəti daxilində müxtəlif mövqelər, o cümlədən Moskvaya qarşı kəskin tənqidlər səslənir, amma ölkə rəhbərliyi Rusiyanı “aqressiv imperiya” kimi nəzərdən keçirmir, əskinə, onda Qarabağ probleminin əsas mediatorunu və etibarlı tərəfdaş görürlər.
Aydındır ki, öz əlinlə özünə yeni düşmən yaratmaq düzgün olmaz (özü də Türkiyə ilə əlaqələrini nəzərə alsaq). Abxaziya və Cənubi Osetiyanı tanıdıqdan sonra Gürcüstana təsirini itirən Moskva Dağıstan bölgəsində və Xəzər dənizində ümumi sərhədə malik olduğu Azərbaycanda oxşar ssenarinin təkrarlanmasına yol verə bilməz.
Yox, Rusiyadan silah tədarükündən danışmaq gərəkirsə, onda bu silahlar Azərbaycana ümumi idxalın sadəcə beşdə bir hissəsini təşkil edir. Bu bazarda isə, Rusiya ilə yanaşı, Türkiyə, Ukrayna və İsrail də mühüm rol oynayır. Xəzəryanı respublikanın iqtisadi vəziyyəti elədir ki, silah idxal edən digər mənbələrlə problemi yaranmır. Üstəlik, Rusiya 2006-cı ildən Azərbaycana silah tədarük edir”. Bütün bunlardan aydın görünür ki, Azərbaycanın balanslı siyasəti Rusiyanı qıcıqlandırmır və Moskva Bakı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Amma eyni sözləri Ermənistan barədə demək mümkün deyil və İrəvanın son addımları, Sergey Markedonova görə, Moskvada ciddi narahatlıq yaradır. Başqa sözlə, Azərbaycandan fərqli olaraq, Rusiya Ermənistana güvənmir. Elə bu da regionda Bakını Moskvanın əsas müttəfiqinə çevirir.
Nahid SALAYEV