Məhəmməd Əsədullazadə: “Bunun üçün real şans olaraq Paşinyan əraziləri qaytararsa, ölkəsinin inkişafına təkan verər”
Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn yeni qüvvələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədikləri mövqe təkcə Azərbaycanda yox, həm də beynəlxalq ictimaiyyətdə ciddi narazılıq yaratmışdı. Xüsusən də baş nazir Nikol Paşinyanın işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin danışıqlar prosesində tərəf olmasını gündəmə gətirməsi sülh prosesinin üzərindən birdəfəlik xətt çəkirdi.
Bütün bunlar, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyırdı. Problemin daha bir tərəfi bundan ibarət idi ki, İrəvanın əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri Dağlıq Qarabağ bölgəsini Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışırdı. Bu qəbuledilməz mövqe beynəlxalq hüququn norma və prinsiplərinə qarşı olmaqla bərabər, həmçinin, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alırdı.
Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirirdi. Belə vəziyyətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll ehtimalı artırdı ki, bu da ermənilər üçün əsl fəlakət anlamına gəlirdi. Bundan narahat olan erməni cəmiyyətində, siyasi dairələrində Paşinyanın Qarabağ mövqeyinə qarşı açıq çıxışlar başlandı.
Bütün bunların fonunda, Paşinyan həm beynəlxalq ictimaiyyətdən, həm də ölkə daxilindən Qarabağ məsələsində ciddi təzyiqlər gördü və münaqişə ilə bağlı radikal mövqeyində ciddi səhvlərə yol verdiyini də anladı. Bu hal Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan söhbətdə özünü qabarıq büruzə verdi. Məlum oldu ki, Paşinyan əvvəlki Qarabağ mövqeyindən geri çəkilir. Artıq verilən açıqlamalardan aydın olur ki, Qarabağ məsələsində bütün təmaslar əvvəlki kimi Bakı və İrəvan arasında olacaq, danışıqlar prosesinin formatı dəyişilməz qalacaq. Yəni münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır.
Bu arada o da məlum olub ki, Ermənistanda parlament seçkiləri dekabrda keçiriləcək. Belə görünür ki, Dağlıq Qarabağla bağlı danışıqların aktivləşməsi 2019-cu ildə olacaq. Çünki parlament seçkiləri olmadan, Paşinyan hakimiyyətdə mövqeyini möhkəmləndirə bilməz.
Bu baxımdan gələn il intensivləşməsi gözlənilən Dağlıq Qarabağla bağlı danışıqları ekspertlər necə şərh edirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərinin dekabrda elan edilməsi bu ölkədə siyasi böhrana səbəb oldu: “Sarkisyanın nəzarətində olan parlamentin Paşinyanın bu planına qarşı qanun qəbul etməsi ilə İrəvan küçələrində yenidən mitinqlər keçirildi. Hesab edirəm ki, Paşinyan parlamentin bu qanununa baxmayaraq, seçkilərə gedəcək və üstünlüklə parlamenti nəzarətə alacaq. Qeyd edim ki, Düşənbədə MDB Sammiti çərçivəsində baş nazir N. Paşinyanın Prezident İlham Əliyevlə bir neçə məsələdə razılaşması əsasən 2019-cu ildə növbəti danışıqlar mərhələsinin başlamasına yol açır. İndiki situasiyada Paşinyan Prezident İlham Əliyevdən vaxt istəyib və bu şans ona tanındı. Bu fürsətdən istifadə edib, daxildə müharibə partiyasını - Sarkisyanın partiyasını zərərləşdirən Paşinyan öz hakmiyyətini möhkəmlətməklə, danışıqlara getmək niyyətindədir. Hər halda, onun nümayiş etdirdiyi indiki siyasi xətt bunu göstərir. 2019-cu ildə Ermənistan rəhbərliyi danışıqlara gedərsə, nəticə etibarilə bu, yeni mərhələ ola bilər. Hesab edirəm ki, bunun üçün real şans olaraq Paşinyan əraziləri qaytararsa, ölkəsinin inkişafına təkan verər. Xeyr, mövqeyində qalarsa, substantiv danışıqlara getməsə, müharibə təhlükəsi ilə üzləşəcək. 2019-cu il ya diplomatiya, ya da müharibə dilemması Paşinyan üçün bir sınaq olacaq”.
Vidadi ORDAHALLI