Yeganə Hacıyeva: “ATƏT-in Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin tam tərkibdə olmayacağı qənaətindəyəm”
ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənir. Bunu ATƏT PA-nın nümayəndəsi Net Parri deyib.
N.Parri bildirib ki, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə yoxdur, biz bir çox mövzular ətrafında, o cümlədən Dağlıq Qarabağ münaqişəsi kimi uzanmış münaqişələr barədə fikir mübadiləsinin olacağını gözləyirik: “İclasda Azərbaycandan və Ermənistandan parlamentarilər olacaq. Biz bu uzanmış münaqişənin nizamlanması üçün ümumi dil tapılması məqsədilə sivil və konstruktiv dialoqa ümid edirik”. Qeyd edək ki, ATƏT PA-nın 17-ci payız sessiyası oktyabrın 3-8-i Bişkekdə keçiriləcək.
ATƏT Parlament Assambleyasının payız sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması ilə bağlı hansı gözləntilər ola bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, bu il Bişkekdə 46 ATƏT üzvü olan dövlət və bir neçə tərəfdaş ölkədən 160 parlamentarinin iştirakı ilə ATƏT Parlament Assambleyasının 17-ci payız sessiyası keçiriləcək: “ATƏT Parlament Assambleyasının 17-ci payız sessiyası, ümumilikdə, Mərkəzi Asiya və yaxın regionlarda təhlükəsizlik mövzusunun müzakirəsinə həsr edilib. Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gündəlikdə yoxdur, ancaq sessiyada müzakirə olunan bir çox mövzular, xüsusilə təhlükəsizlik və əməkdaşlığa, dayanıqlı inkşafa mane olan məsələlər ətrafında münaqişələrin müzakirəsi zamanı Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsinin olacağı gözlənir.
İclasda adəti üzrə ATƏT ölkələri parlamentariləri kimi, Azərbaycandan və Ermənistandan olan parlamentarilər iştirak edəcəklər. İstər Azərbaycan, istər ATƏT , istərsə də qurumun əməkdaşlıq etdiyi tərəfdaşları üçün bu sessiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sivil və konstruktiv dialoqun mövcud olduğu bir imkan kimi dəyərləndirilir. Bu istiqamətdə fikirlərimi bölüşməzdən öncə mən bu sessiya zamanı ATƏT-in Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin tam tərkibdə olmayacağı, iştirak edən nümayəndələrin isə sırf Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sivil və konstruktiv dialoq istiqamətində müzakirələr aparılması ilə bağlı uyğun bir formada olmayacağı qənaətindəyəm. Belə ki, Ermənistan parlament üzvlərinin və qanunvericilik orqanının buraxılması tələbi ilə etirazlar keçirilir .
ATƏT Parlament Assambleyasının Ermənistan nümayəndə heyətinin tərkibində keçmiş prezident Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının nümyəndələri və onların dəstəklədiyi parlamentarilər çoxluq təşkil edir və bu etirazlar birbaşa onların mənsub olduğu siyasi qüvvənin əleyhinə keçirilir”.
Politoloqun sözlərinə görə, ATƏT Parlament Assambleyasının 17-ci payız sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində məhsuldar ola biləcək müzakirələr regional əməkdaşlıq və təhlükəsizlik panellərində mümkündür: “Belə ki, Ermənistanın ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərini pozması, işğalçı və qeyri-konstruktiv yanaşması üzündən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz və qonşu regionda dövlətlər arasında əməkdaşlığa mane olan bir məqamdır.
Nəzərə alsaq ki, hələ 2015-ci ildə ATƏT Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin müəllifi olduğu ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə bağlılıq qətnaməsi qəbul edilib .
Odur ki, bu sessiyada ATƏT-in üzvü olan Ermənistan əleyhinə ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərini pozması əsası ilə qətnamə qəbul edilə bilər .
Qeyd edim ki, Azərbaycan nümayəndə heyəti bu istiqamətdə fəaliyyət aparır”.
Məhəmmədəli QƏRİBLİ