Geosiyasi müstəvidə ən çox diqqət çəkən məqamlardan biri Rusiya ilə Türkiyə arasında yaxınlaşma və bunun çoxsaylı yeni müqavilələrlə möhkəmləndirilməsidir. Hadisələrin inkişaf axarı göstərir ki, Moskva və Ankaranın münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bunun ümdə səbəblərindən biri isə ABŞ-ın Türkiyəyə qarşı açıq təzyiq siyasətinə keçməsi və münasibətləri bütün istiqamətlər üzrə pisləşdirməsidir.
Yaranmış vəziyyətdə Türkiyə Böyük Millət Məclisinin yeni mövsümünün açılış iclasında çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində ABŞ-a sərt mesajlar verib. Hərbi təzyiqlərdən sonra Ərdoğan Türkiyə iqtisadiyyatının hücumlarla yıxılmayacaq qədər güclü olduğunu bildirib: “ABŞ etibarlılığını ciddi şəkildə itirib. Bizim yaşadıqlarımızdan sonra dünyada hansısa ölkənin Amerika ilə əlaqələrinə güvənlə baxması artıq mümkün deyil. Dünyanın hər hansı ölkəsinin Amerika ilə münasibətlərini təhlükəsiz şəkildə nəzərdən keçirməsi artıq mümkün deyil. Türkiyə iqtisadiyyatı hücumlarla yıxılmayacaq qədər güclüdür”. Türkiyə lideri ABŞ-ın istifadə etdiyi şantaj və təhdidlərlə razılaşmayacağını deyib. Belə vəziyyət onu göstərir k, ABŞ - Türkiyə əlaqələrinin yaxın perspektivdə yaxşılaşması mümkünsüz görünür və bu hal Moskva ilə Ankaranı daha da yaxınlaşdırır. Eyni zamanda, belə vəziyyət Qafqazda da geosiyasi, geoiqtisadi situasiyaya təsirini göstərir. Region ölkələrindən Azərbaycan üçün Ankara-Moskva münasibətlərinin dinamik inkişafı tamamilə qəbulolunan və vacib hal sayılır. Proseslərin bu axarda inkişafından isə Ermənistanın xüsusi narahat olduğu üzə çıxır. Ermənistanı qıcıqlandıran əsas məsələlərdən biri Azərbaycanla yaxın olan Türkiyənin Rusiya ilə əməkdaşlığının genişlənməsidir. Çünki Ermənistan hesab edir ki, Türkiyə və Rusiya yaxınlaşdıqca, Ankara Dağlıq Qarabağ probleminin həllinə təsir imkanını genişləndirir. Digər tərəfdən, Ermənistan regionda Rusiya üçün daha çox arxa plana keçir. Türkiyənin “Yeni Şafak” qəzeti də yazır ki, Ankara-Moskva münasibətləri Qafqaza mütləq yeniliklər gətirəcək. Qeyd olunur ki, ABŞ-ın indiki siyasəti davam etdikcə Rusiya-Türkiyə yaxınlaşması Qafqazda da özünü qabarıq büruzə verəcək: “İndiyə qədərki ABŞ prezidentləri arasında ən dürüst olanı, mübahisəsiz, Trampdır. O, söylədikləri ilə ABŞ xarici siyasətinin üzərinə indiyə qədər geydirilmiş bütün dəbə uyğun geyimləri çıxarır, taxılmış maskaları atır və nəhəng bir gücün dünyaya ürküdücü baxışını bütün çılpaqlığı və zidiyyətlərilə birgə ortaya qoyur.
Əslində o, cəsarət tələb edən dürüstlüyü ilə ABŞ-ın bütün mənfəətçiliyini da etiraf etmiş olur. Deyir ki, bundan sonra ancaq bizə dost olan ölkələrə yardım edəcəyik. ABŞ-ın ancaq öz maraqlarını düşünməməli, enerjisini başqa ölkələri müdafiə etməyə sərf etməməli olduğunu söyləyərkən, sanki indiyədək işlərin belə getmədiyinə eyham vurur. Bütün dürüstlüyünə rəğmən, təbii ki, işin bu qismi həqiqəti ifadə etməkdən çox uzaqdır. Sadəcə, məsələyə özünün və ya amerikalıların necə baxdığına dair baxışını dürüstcə əks etdirmiş olur. Yoxsa ABŞ-ın indiyədək marağı olmayan heç bir işin içinə girmədiyi sübuta ehtiyacı olmayan məlum bir şeydir.
Tramp administrasiyasının qloballaşmanı yox sayaraq, ondan “artıq vaz keçərək”, nəhayət, çatıb dayandığı beynəlxalq əlaqələr məntiqi sadəcə ABŞ-ın qazanclı çıxacağı, özündən başqa heç kimin qazanclı olmayacağı bir alış-verişdir. Gündəlik ticarətdə belə – sadəcə bir tərəfin qazanclı çıxdığı alış-verişi davam etdirmək mümkün olmaz. Bütün bunlar fonunda bir neçə gün Strateji Düşüncə İnstitutunun (SDİ) TİKA, Türk Tarix Qurumu və Azərbaycan Tarix İnstitutu ilə birlikdə təşkil etdiyi Qafqaza həsr olunmuş strateji konfransla bağlı Bakıda olduq. Qafqaz geniş və dünyanın ən önəmli coğrafiyalarından biridir. Çindən Avropaya qədər uzanan geniş coğrafiya üçün enerji təklifini təmin edə biləcək bir bölgədir. Ancaq bu xüsusiyyəti üzündən eynilə Orta Şərq kimi hüzuru və sabitliyi davamlı olaraq hədəfdədir.
Qafqazın bütünlüklə sabitliyə qovuşması, buradakı neft və təbii qazın Avropa, Çin və Hindistana etibarlı şəkildə çatdırıla bilməsi bu bölgənin xalqlarını yenidən canlandıra bilər.Amma hələ də həll edilə bilinməyən məsələlərlə boğuşaraq birləşə bilməyən Qafqaz Rusiya üçün öz təhlükəsizliyini təmin etmənin bir yolu olaraq görülür. Amma indiki halda, Ermənistan işğal etdiyi Azərbaycan torpaqları ilə birlikdə bütün regionun bütünləşməsi önündə təbii bir əngəl yaradır. Halbuki, bu bütünləşməni təmin etmək yeni bir dünyanın qurulmasına öncüllük etmək deməkdir və bu fürsət Türkiyə ilə Rusiyanın əməkdaşlığı üfüqündə görünür. Bu üzdən, paradiqmanı dəyişdirmək lazımdır. Öz hərbi və ya iqtisadi təhlükəsizliyini regional aktorların inkişafını əngəlləmək üzərində deyil, onların önünün açılması, onların önünün açılmasına liderlik edilməsi üzərində yenidən dizayn etmək lazımdır.
Rusiya neft təklifi üzərində inhisarçılıq yaratmaq üçün, heç bir ehtiyacı olmadığı halda, Qazaxıstan və Türkmənistan kimi ölkələrdən, bu ölkələr özlərinin alternativ nəql yollarını yaratmağa ehtiyac duymasınlar deyə, neft və qaz alır. Bu, bir tərəfdən onun özünə baha başa gəlir, digər tərəfdən də inhisarçı məntiqi üzündən region xalqlarına etimad yaradan liderliyə girişməsinə imkan verməməkdədir. Alternativ yollardan biri isə Xəzər-Bakı-Tiflis-Ceyhandır. Hazırda yeni bir şərait mövcuddur. Hər kəsin qazanclı çıxacağı yeni bir nizam Türkiyə və Rusiyanın Qafqazda əməkdaşlığından keçəcək. Son zamanlarda hər iki ölkənin yaxınlaşması və əməkdaşlığının Suriyada bütün dünyanın təqdirlə qarşıladığı necə bir həll yolunun önünü açdığı görüldü. Bu əməkdaşlıq daha strateji və daha qurucu bir səviyyəyə qaldırılmalıdır.
Qafqaz çoxmillətlidir, lakin mədəni ortaqlıqları daha çoxdur. Bunun heç önəmi yoxdur. Çünki mədəni yaxınlıq əməkdaşlığın daha yaxşı işləyəcəyinin təminatı olmadığı kimi, müxtəlifliklər də birgə yaşamağa əngəl deyil. Avropa, bütün mədəni ortaqlıqlarına rəğmən, yüz illərlə bir-birini yeyərək, öz daxilində vuruşub. Bu gün isə, bütün müxtəlifliklərə rəğmən, kifayət qədər yaxşı işləyən birlik praktikasını ortaya qoymuş durumdadır. Eyni şeyin Qafqazda olmaması üçün bir səbəb yoxdur.
Qafqazı problemlər məkanı olaraq deyil, fürsətlər məkanı olaraq görmək və elə də dəyərləndirmək lazımdır. SDİ özünün yenilənmiş kadrları ilə bu sahəyə dair xeyirli bir iş görmüş oldu. İki gün davam edən konfransda, başda Türkiyə, Rusiya və Azərbaycan olmaqla, bütün Qafqaz ölkələrindən gələn iştirakçılar Qafqazın dünəni, bu günü və gələcəyinin strateji baxışla hərtərəfli müzakirə edildiyi məhsuldar bir işə imza atmış oldu”.
Nahid SALAYEV