İbrahim Rüstəmli: “Silahlı Qüvvələrimiz üçün həm təcrübə mübadiləsi, həm də ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayacaq”
Azərbaycan Ordusunda “NATO günləri” tədbiri keçirilir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Hərbi Hava Qüvvələrinin Komandanlığını ziyarət edəcək.
Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO-nun strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası”, “NATO və Kibertəhlükəsizlik” və digər mövzularda mühazirələr təqdim olunacaq.
Azərbaycan Ordusunda “NATO günləri” oktyabrın 5-dək davam edəcək. Azərbaycan Ordusunda keçirilən NATO günlərinin Silahlı Qüvvələrimiz üçün nə kimi əhəmiyyəti var?
Hərbi ekspert İbrahim Rüstəmli qəzetimizə bildirdi ki, NATO Şurasında “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramı bəyənildikdən sonra, 1994-cü ildə Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının o vaxtkı Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında SNT proqramının Çərçivə sənədini imzaladı və Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramına qoşulmuş 15-ci dövlət oldu: “1997-ci ilin 14 noyabr tarixində Heydər Əliyev Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzaladı. Məhz bu kimi müəyyənedici sənədlərdən sonra Azərbaycan - NATO əlaqələri yüksələn xətlə inkişaf etməyə, şaxələnməyə başladı.
1999-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının sülhməramlı taqımı ilk dəfə Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatlara qoşuldu.
2001-ci ildə isə Bakı şəhərində Avro-Atlantika Tərəfdaşlıq Şurasının kiçik və atıcı silahlar üzrə xüsusi işçi qrupunun iştirakı ilə "Yüngül və atıcı silahlar: ATƏT və AATŞ-ın cari öhdəliklərinin həyata keçirilməsi üçün praktiki təhdidlər" adı altında Azərbaycan və İsveçrə hökumətinin birgə seminarı keçirildi.
2001-ci ildə NATO/AATŞ çərçivəsində tərəfdaş və NATO-ya üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə "Təbii və texnogen fəlakətlər zamanı ərazilərdə xilasetmə dəstələrinin yerləşdirilməsi" adlı seminar müvəffəqiyyətlə reallaşdırıldı, Bakı şəhərində "Cooperative Determination" komanda-qərargah təlimi keçirildi. 2001-ci ildə Bakı şəhərində NATO/AATŞ çərçivəsində "Balkanlarda regional əməkdaşlıqdan öyrənilmiş dərslər" adı altında təşkil edilən seminar da yaddaqalan oldu”.
Ekspertin sözlərinə görə, 2002-ci ilin 7 fevral tarixində "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli Sərəncamına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzayıb: “Bundan az sonra NATO Baş katibinin respublikamıza səfəri zamanı C. Robertsona Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına (FTƏP) qoşulmaq istəyini əks etdirən məktub təqdim olunub.
Onu da xüsusi qeyd edim ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Strateji kommunikasiya və ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.
Elə həmin il müdafiə naziri Z.Həsənovla general F.Bridlav arasındakı görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
Ötən il entyabrın 26-da isə müdafiə naziri ölkəmizdə səfərdə olan NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəzərinizə çatdırım ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir. Çünki NATO Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Bildiyiniz kimi, bu il 1 sentyabr tarixində müdafiə naziri Zakir Həsənov NATO Baş katibinin müavini Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. Görüş zamanı R.Qotemöller ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Ümumiyyətlə, Azərbaycan - NATO əlaqələri ölkəmiz üçün həm strateji, həm də taktiki baxımdan böyük əhəmiyyət daşıyır. Silahlı Qüvvələrimizin dünyaya inteqrasiyası əsasən bu qurumun vasitəçiliyilə baş verir. Bu mənada, Azərbaycan Ordusunun NATO ilə bağlı gələcək planları kifayət qədər geniş, hərtərəfli və perspektivlidir. Yəni Bakıda keçirilən NATO günləri də məhz həmin planın tərkib hissəsi kimi Silahlı Qüvvələrimiz üçün həm təcrübə mübadiləsi, həm də ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayacaq”.
Məhəmmədəli QƏRİBLİ