Məhərrəm Zülfüqarlı: “Məsələyə ən sərt reaksiyanı Rusiya və Belarus verməlidir”
Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasları və həmin tədbirlərdə müzakirə edilən məsələlər mətbuatda geniş işıqlandırılmaqdadır. Bildirilir ki, quruma üzv olan ölkələrin dövlət və hökumət başçıları geniş müzakirələrdən sonra şuranın gələcək fəaliyyətinə töhfə verə biləcək qərar qəbul ediblər. Bütün çıxışlarda ifadə edilib ki, bu ölkələr MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəklər.
Şuranın növbəti iclasının 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyi bildirilib. Bundan başqa, tədbir iştirakçıları kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış konvensiyanın müddəaları ilə tanış olub, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat səsləndirilib və hər iki sənəd yekdilliklə qəbul olunub. Faşizm üzərində qələbənin 75 illiyinin MDB səviyyəsində qeyd edilməsi normal qarşılana bilər. Çünki hazırda MDB-də təmsil olunan ölkələrin xalqları faşizmlə birgə mübarizə aparıblar. Ancaq bir fakt da maraqlıdır ki, bəzi MDB ölkələrində faşistlərlə eyni əqidədə olan bəzi “qəhrəmanların” şərəfinə abidələr ucalıb. Aydındır ki, yerli hakimiyyətlərin icazəsi olmadan həmin abidələrin ucaldılması da mümkün deyil. Bu xüsusda Ermənistanın adını vurğulamaq olar. Çünki həmin ölkənin paytaxtında Qaregin Njde adlı bir faşistə böyük abidə ucaldılıb. Belə olan təqdirdə qəribə paradoks yaranır. Bəzi ölkələr həm faşizmi dəstəkləyir, həm də digir dövlətlərlə birlikdə faşizm üzərində qələbənin 75 illiyini qeyd edirlər. Bu səbəbdən də MDB ölkələrində olan dövlətlərin ərazisində ucaldılmış faşist abidələrinin sökülməsi məsələsi gündəmə gəlir. Buna necə nail olmaq mümkündür?
Tarixçi-alim Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan bu məsələyə çox sadiqdir: “Bizim bu məsələdə mövqeyimiz birtərəflidir. Biz faşizm üzərində qələbəni səmimiyyətimizlə qeyd edirik. Çünki həmin müharibə zamanı on minlərlə soydaşımız dünyasını dəyişib. Ancaq Ermənistanda faşistlərə heykəl qoyulur. Çox təəssüflə qeyd etməliyəm ki, həmin müharibədə böyük mücadilə vermiş Ukraynada da bənzər hadisələrə, meyllərə rast gəlinir. Bəli, Ermənistanda faşistliyinə şübhə olmayan Qaregin Njdeyə abidə qoyulub. Yalnız abidə deyil, onunla bağlı çox bahalı film çəkilib, nəfis tərtibatda olan kitablar dərc olunub. Njde bütün ömrü boyu türklərə qarşı vuruşub. Bütün həyatını türkə və türklüyə zərbə vurmağa "xərcləyib". Həm savaş meydanında, həm də ideoloji cəbhədə. Elə bir hərəkat və millətçi təlim yaradıb ki, bu işi gələcək ermənilər davam etdirsinlər. Davam etdirilirmi? Birmənalı şəkildə deyə bilərik ki, bəli! Njde və onun təlimi erməni ideologiyasının qaynağıdır. Təbii ki, belə bir şəxsin Ermənistanın rəsmiləri səviyyəsində dəstəklənməsi, bir sözlə, ölkənin bir faşisti ideoloq kimi qəbul etməsi bir çox sualları açıq edir. MDB-nin birbaşa həmin heykəlləri sökməklə bağlı mexanizmi yoxdur. Amma ciddi ictimai qınaqla buna nail olmaq olar. Mənə elə gəlir ki, məsələyə ən sərt reaksiyanı Rusiya və Belarus verməlidir. Çünki onlar faşizmdən bizdən də çox əziyyət çəkiblər. Məsələ sərt qoyulmalıdır. Ya Ermənistan faşizm üzərində qələbənin qeyd olunması ilə bağlı tədbirlərdən kənarlaşdırılmalıdır, ya da faşistlərə ucaltdığı abidə və onların xeyrinə dövlət səviyyəsində apardığı təbliğatdan imtina etməlidir. Biz də, öz növbəmizdə, bu təşəbbüsləri dəstəkləməliyik”.
Məhəmmədəli QƏRİBLİ