Azər Həsrət: “Bu təşəbbüslər qanunvericilikdə öz əksini tapsa, yalnız müsbətə doğru dəyişikliyin şahidi olarıq”
Milli Məclisin payız plenar iclasının ilk günündə ixtisasca jurnalist olan millət vəkilləri maraqlı təkliflər irəli sürüblər. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, internetin cəmiyyətə təsiri geniş və önəmlidir: “Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır”.
Ə.Amaşov bildirib ki, internet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir: “Bu həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər”.
Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə parlamentin iclasında deyib ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir, bu çox vacibdir. Deputat qeyd edib ki, informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanmalıdır.
Göründüyü kimi, hər iki həmkarımız olduqca vacib bir məsələyə toxunub. İnformasiya təhlükəsizliyi və sosial şəbəkələrin fəaliyyətinə aid olan təkliflərə ekspertlərin münasibəti necədir?
Media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, parlamentdə həmkarlarımız olan deputatlar tərəfindən qaldırılan hər iki təklif çox yerindədir: “Bilirsiniz ki, hazırda Azərbaycan əhalisinin böyük əksəriyyəti internet və sosial şəbəkələrdən istifadə edir. Yəni əhalimizin bu sahə ilə bağlı kifayət qədər hazırlığı və təcrübəsi var. Ancaq bəzən olur ki, bundan sui-istifadə hallarına da rast gəlinir. Bu qanunun qəbulu, eyni zamanda, internet medianın da fəaliyyətini yaxşı mənada stumillaşdıra bilər. Əflatun müəllim çox doğru olaraq qeyd edib ki, belə bir qanunun qəbulu internet medianın maliyyələşməsi üçün də yaxşı imkanlar aça bilər. Biz hazırda görürük ki, informasiya portallarının çoxu KİV kimi deyil, MMC olaraq hüquqi qeydiyyata alınır. Belə olan təqdirdə onların statusunun dəqiq müəyyənləşməsi də çətinləşir. Digər bir tərəfdən isə bu, bizim informasiya təhlükəsizliyimiz üçün böyük önəm kəsb edir. Çünki biz müharibə şəraitində yaşayırıq. Düzdür, dövlət üzərinə düşən vəzifələri bu istiqamətdə yerinə yetirir. Amma qanunun qəbulu məsuliyyəti bir az da artırmış olar. Sosial şəbəkələrlə bağlı təklif də çox vacibdir. Çünki elə adamlar var ki, klaviatura arxasında özünü qəhrəman zənn edir və elə bilir ki, kimi istəsə sosial şəbəkə vasitəsilə təhqir edə bilər. Yaxud saxta profillərlə insanları təhqir edirlər. Hesab edirəm ki, bu təşəbbüslər qanunvericilikdə öz əksini tapsa, yalnız müsbətə doğru dəyişikliyin şahidi olarıq”.
Məhəmmədəli QƏRİBLİ