Elşən Mustafayev: “Onunla əks qütbdə olan qüvvələr təmas xəttində əldə edilən razılığa sabotaj yaradacaqlarsa...”
Xəbər verildiyi kimi, ötən həftə MDB ölkələri başçılarının Düşənbə sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında qısamüddətli söhbət zamanı təmas xəttində atəşkəs rejiminə əməl edilməsi barədə razılıq əldə edilib.
Düşənbədə Əliyev və Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistanla Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Nikol Paşinyan isə ayaqüstü söhbətlə bağlı daha detallı məlumatlar açıqlayıb. O, “Facebook”dakı canlı yayımda Azərbaycan Prezidenti ilə qonşu ölkənin ikitərəfli münasibətlərində üç məqamı müzakirə etdiklərini deyib: “Birinci məqam: Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın. İkinci məqam: Ermənistanın baş naziri və Azərbaycan Prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə anlaşıblar və hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. Razılığa gəldiyimiz üçüncü vacib qərar aramızda operativ əlaqənin təşkili ilə bağlı oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”.
Məlum olduğu kimi, Düşənbədə baş tutan təmas Paşinyanın istəyi ilə olub. Bəzi ekspertlər hesab edirlər ki, Paşinyan bu gedişi təsadüfən etməyib. Ölkə daxilində hakimiyyətə nəzarəti tam ələ keçirməyi bacarmayan Paşinyanın bu gedişlə bir “taym-aut” götürdüyü söylənir. İddialara görə, bununla Paşinyan qarşıdan gələn seçkilərə kimi ölkə daxilindəki mövqelərini daha da möhkəmlətmək istəyir. Aydındır ki, bunun üçün Paşinyanın üzərinə Düşənbədəki razılaşmaya maksimum riayət etmək kimi öhdəlik düşür. Düşənbə razılaşmasının uzun müddət qüvvədə qalması Paşinyanın ölkənin daxilindəki siyasi mövqeyinə necə təsiri olacaq?
Azərbaycan Milli İstiqlal Patiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın bu gedişi müxtəlif aspektlərdən yozulur: “Amma gəlin bu məsələyə real aspektdən yanaşaq. Baş verənlərdən aydın olur ki, Ermənistanda vəziyyətin gərgin qalmasında maraqlı olan qüvvələr var. Paşinyan Azərbaycanın son dövrlər ərzində silah-sürsatla bağlı nümayiş etdirdiyi əzələ nümayişindən çox qorxub. Yalnız bundan sonra anladı ki, Dağlıq Qarabağla bağlı ortaya qoyulan sərt ritorika Azərbaycanı tamamilə başqa addımlar atmağa sövq edə bilər. Bu səbəbdən də Düşənbədə məlum təşəbbüsü göstərdi. Proseslər göstərir ki, Ermənistanın daxilində həmin razılaşmanı sabotaj edən qüvvələr var. Onlar bununla həm Paşinyanı hörmətdən salmaq istəyirlər, həm də Ermənistanı qeyri-konstruktiv mövqeyə sürükləməklə münaqişənin ömrünü uzadırlar. Təbii ki, bu, Paşinyana qarşı olan “Qarabağ klanı”nın işidir. Onların ordudakı dayaqları çox güclüdür. Sarkisyan və Köçəryan məhz müharibə və Qarabağ kartının hesabına hakimiyyətə yiyələnə bildilər. Onlar gözəl anlayırlar ki, müharibə ritorikası söndükcə həmin klanın liderləri də unudulacaq. Paşinyan bunu tam anlayır, ona görə də belə bir reveransa imza atdı. Düşənbədə əldə olunan razılaşmaya sadiqlik təbii ki, Paşinyanın xalq arasındakı nüfuzunu artıra bilər. Çünki sadə erməni xalqı müharibə və işğal səbəbindən qara günlər çəkdiklərini tam anlayır. Bu səbəbdən də onlar nicatı problemin həllində görürlər. Problemin həlli isə atəşkəsin qorunması və konstruktiv danışıqlardan keçir. Düşünürəm ki, bu mövqeyə sadiqlik Paşinyanın ölkə daxilindəki vəziyyətinə müsbət mənada təsir edəcək. Ancaq onunla əks qütbdə olan qüvvələr təmas xəttində əldə edilən razılığa sabotaj yaradacaqlarsa, onda Paşinyanın vəziyyəti indikindən də pis olacaq”.
Məhəmmədəli QƏRİBLİ