Mehman Muradlı: “Görünür, erməni diasporunun ianələri bu şəxslərin gözünü elə örtür ki, onlar atdıqları addımların məsuliyyətini sonradan dərk etmiş olurlar”
Azərbaycan XİN erməni mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb:
“Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb. Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir”.
Azərbaycanın avropalı parlamentarilə bağlı atdığı addım hansı nəticələrə səbəb ola bilər?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan XİN işğal olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərlə bağlı bir sıra tədbirlər görür: “Həmin tədbirlərə əsasən də Baş Prokurorluq toplanan materiallar əsasında cinayət təqibinə başlayır. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin işğal edilmiş ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər edən hər bir şəxs barədə lazımi ölçü götürüləcək. Bununla bağlı hətta “qara siyahı” da tətbiq edilib. Sözügedən siyahı “zənginləşəndən” sonra bir sıra tanınmış şəxslər onun məsuliyyətini dərk etməyə başladılar. Adları “qara siyahı”ya düşən bir neçə tanınmış icəsənət xadimi və siyasətçi Azərbaycanda keçirilən bəzi mötəbər tədbirlərdə iştirakdan məhrum olduqlarını dərk edəndən sonra peşmançılıq keçirdiklərini və əfv dilədiklərini bildirdilər. Bu hadisələrdən sonra Dağlıq Qarabağa qanunsuz səfər edənlərin sayında əhəmiyyətli dərəcədə azalma hiss edildi. Yadınızdadırsa, dünyanın üç böyük ölkəsinin vətəndaşlığını daşıyan Aleksand Lapşin adlı bloger eyni əməlləri törətdiyinə görə hətta Azərbaycan qanunlarına əsasən mühakimə edilərək, cəzaya məhkum edildi. Azərbaycan Prezidenti onunla bağlı humanist addım ataraq, Lapşinin peşmançılığını nəzərə alıb onu əfv etdi. Bütün bunlar bir daha sübut edir ki, tutduğu ictimai, siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan həmin əməlin törədicilərinə qarşı eyni münasibəti sərgiləyir. Ən maraqlısı isə budur ki, Eleni Teokarus Avropa Parlamentini təmsil edir. Belə bir mötəbər qurumun təmsilçisinin bilə-bilə cinayət əməlinə qol qoyması olduqca təəccüblüdür. Görünür, erməni diasporunun ianələri bu şəxslərin gözünü elə örtür ki, onlar atdıqları addımların məsuliyyətini sonradan dərk etmiş olurlar. Azərbaycan Prokurorluğunun bu işlə bağlı cinayət təqibinə başlamasını təqdir edirəm. Hesab edirəm ki, bu addım başqaları üçün də dərs götürmək üçün yaxşı nümunə olacaq”.
Məhəmmədəli QƏRİBLİ