Əhəd Məmmədli: “Rusiyanın gercək niyyəti olsa, MDB ölkələrinin böyük əksəriyyəti həmin təşəbbüsü dəstəkləyəcək”
Keçmiş sovet məkanında Sovetlər Birliyi dağılmaq ərəfəsində ilk münaqişə ocağı məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində yaranıb.
Gürcüstanın ərazisi olan Cənubi Osetiya və Abxaziyada, Moldovada Dnestryanı ərazidə, habelə Ukraynada Donbasdakı separatçı hərəkətlər isə məhz Qarabağ münaqişəsinin həll edilməməsi fonunda baş qaldırıb. Yəni Qarabağ münaqişəsinin həll edilməməsi fonunda, digər postsovet respublikalarında da separatçı hərəkətlər geniş vüsət almağa başladı. Nəticədə isə bu gün vaxtilə Sovetlər Birliyinin tərkibində olan bir çox respublika separatizmdən əziyyət çəkməkdə davam edirlər. Məlumdur ki, keçmiş SSRİ-nin tərkibində olan bir çox respublika hazırda MDB formatında təmsil olunur. Həmin bərabərhüquqlu üzvlərdən biri də Azərbaycandır. Rəsmi Bakı MDB ilə sıx əməkdaşlıq edir, qurumun bütün tədbirlərində yaxından iştirak edir. Qeyd edək ki, digər münaqişə tərəfi sayılan Ermənistan da MDB üzvüdür. Məntiqlə MDB quruma üzv olan ölkələrin daxilində yaranan münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ konfliktinin həllində maraqlı olmalıdır. Maraqlıdır, MDB Qarabağ münaqişəsinin həllinə təsir etmək üçün hansı real və potensial imkanlara malikdir?
Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki, SSRİ dağılandan sonra həmin ölkəyə daxil olmuş bir çox respublika hazırda müstəqil dövlət formatında MDB-də təmsil olunur: “Bu illər ərzində postsovet məkanında olan heç bir münaqişə öz həllini tapmayıb, heç bir qarşıdurma sıfır vəziyyətinə, heç bir işğal edilmiş torpaq sahibinə qaytarılmayıb. Üstəlik, son illər ərzində daha yeni münaqişə ocaqları ortaya çıxıb. Ukraynanın Krım və Donbas ərazisi bu mənada yeni münaqişə ocaqlarıdır. Etiraf etməliyik ki, MDB-nin yaranmasında təşəbbüskar və böyük söz sahibi olan ölkə Rusiyadır. Həmin formata aid olan ölkələrin daxilindəki bütün konfliktlərin açarının Rusiyanın əlində olduğu bildirilir. Hətta bir sıra konfliktlərin birbaşa onun iştirakı ilə yarandığı da məlumdur. Bu baxımdan da MDB-nin münaqişələrin həllinə, xüsusilə də Dağlıq Qarabağ probleminin nizama salınmasına ciddi təsiri ola bilər. Bir daha xatırladıram ki, bu təşəbbüs Rusiyadan gəlməlidir. Rusiyanın gercək niyyəti olsa, MDB ölkələrinin böyük əksəriyyəti həmin təşəbbüsü dəstəkləyəcək. Çünki Ermənistan istisna olmaqla, onların hamısı ilə bizim münasibətlərimiz normaldır. Münaqişənin həllinə nail olmağın formulu çox asandır. Beynəlxalq hüququ əsas götürüb, Ermənistana təzyiq etmək lazımdır ki, işğal edilmiş torpaqları geri qaytarsın. Bunu MDB-nin də, ATƏT-in Minsk Qrupunun da, hətta digər qurumların adından etmək olar. Yetər ki, buna istək və siyasi iradə olsun. Ermənistan bununla razılaşmasa belə, onun başına sığal çəkən olmasa, Azərbaycan tez bir zamanda öz gücünə problemi yoluna qoymağa qadirdir”.
Məhəmmədəli QƏRİBLİ