“Mən bilmirəm həmin foruma Ermənistanı hansı göstəricilərinə görə dəvət ediblər?” “Bəzi dövlətlər onlardan Azərbaycanın, Türk dünyasının əleyhinə istifadə edirlər”
Ermənilər saxtakar əməllərini davam etdirməkdədirlər. Özlərinə qondarma tarix, sivilizasiya, mədəniyyət quraşdıran bu toplumun yalanlarının miqyası günü-gündən genişlənir. Sanki bəzi dünya dövlətləri özləri qəsdən ermənilərin yalanlarına qulaq asırlar. Belə olmasaydı, bəzi beynəlxalq forum və tədbirlərə Ermənistanın qatılması üçün şərait yaradılmazdı.
Qədim sivilizasiya hara, ermənilər hara? Bütün qədim xalqlar mövcud olanda, onlar öz mədəniyyətlərini formalaşdırdıqda tarix səhnəsində erməni adlı toplum yox idi ki, onların mədəniyyəti də olsun.
Ermənistan mətbuatı bu ölkənin xarici işlər nazirinin sentyabrın 27-də “Qədim sivilizasiyalar” forumunda iştirak etdiyini yazır. Sözügedən forumda Boliviya, Yunanıstan, Misir, İran, İraq, İtaliya, Çin və Perudan rəsmi təmsilçilərin iştirak etdiyi bildirilir. Ermənistanın xarici işlər naziri “Qədim sivilizasiyalar” forumuna rəsmi təmsilçisi olduğu dövlətin bərabərhüquqlu iştirakçı olmasına şərait yaradıldığı üçün tədbir təşkilatçılarına təşəkkür edərək, ölkəsinin qədim mədəni irsə (?) sahib olduğunu bildirib: “Biz öz ölkəmizin mədəni irsini gözəl dərk edirik və bu barədə kifayət qədər məlumatımız var. Bu irs qorunmalıdır. Bizim forumun aktiv üzvü kimi bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik”.
Ermənistan nazirinin fikirləri təbii ki, başdan-ayağa saxtadır. Bu mənada ki, ermənilərin özlərinə aid mədəni irsi yoxdur. Onlar başqa xalqların mədəni irsinə sahiblənərək onu öz adlarından təqdim edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, qədim tarixdən, mədəniyyətdən, sivilizasiyadan söhbət gedirsə, İran, İraq, Misir, Yunanıstan, Çin kimi dövlətlərlə Cənubi Qafqazda ancaq Azərbaycan rəqabət apara bilər. Onun sözlərinə görə, adıçəkilən dövlətlər, onların mədəniyyətləri, onların bəşər sivilizasiyasına bəxş etdiyi böyük mədəniyyətlərin mövcud olduğu çağlarda dünya xəritəsində hayların səsi-sorağı, izi yox idi. Qədim türklər isə qədim çağlardan bəşər sivilizasiyasına böyük töhfələr verib, bu gün də o xəttin davamçıları bu yoldadır. Bu forumun əsasən Azərbaycanı sevməyən qüvvələr tərəfindən təşkil edildiyini və bu forumda ermənilərdən Azərbaycan, Türk dünyası əleyhinə istifadə edildiyini deyən Q.Hacıyevin sözlərinə görə, erməni nazir bu forumda da saxtakarlıqdan başqa heç nə etməyib: “Mən bilmirəm həmin foruma Ermənistanı hansı göstəricilərinə görə dəvət ediblər? Doğrudan da adıçəkilən dövlətlərin tarixi irsi, mədəniyyəti, onların sahib olduğu sivilizasiya ilə hayların tarixi uyğun deyil. O dövrlərdə haylar yox idi heç. Həqiqətən də ermənilər xəstə təfəkkürə malikdirlər. Təqdim etdikləri istənilən mənbə qondarmadır. Onlar hansı mənbəyə əl uzadırlarsa, onu saxtalaşdırırlar. Rusiyanın arxivlərində ermənilər Azərbaycana aid bütün mənbələri saxtalaşdırıblar. Hətta Britaniya muzey və arxivlərində Azərbaycana, bütövlükdə, türklərə aid olan sənədlər oğurlanıb, məhv edilib, korlanıb. XX əsrin əvvəllərində ermənilərin dini rəhbərləri, kilsə onların qarşısına saxta tarix yaratmaq tələbi qoyub. Onlar erməni xalqına “qədim tarix” yazmaqla bərabər, ətraflarında olan xalqların, dövlətlərin, xüsusən də türklərin tarixini saxtalaşdırırlar. Elə bir əsərləri yoxdur ki, orada türk tarixinə mənfi münasibətləri olmasın. Ermənistanın xarici işlər nazirinin həmin forumda danışması, ermənilərin qədim mədəni irsə (?) sahib olması barədə səsləndirdiyi fikirlər başdan-ayağa cəfəngiyyatdır. Guya İran, yaxud o biri dövlətlər bilmir ki, Ermənistanın heç bir tarixi-mədəni irsi yoxdur. Çox yaxşı bilirlər. Sadəcə, bəzi dövlətlər onlardan Azərbaycanın, Türk dünyasının əleyhinə istifadə edirlər. Xüsusən də İran Ermənistanın bizim əleyhimizə yalanlar uydurmasına təkan verir. Ermənilərin, daha doğrusu, hayların qədim tarixi olan Ərməniyyə (Armeniya) ilə heç bir əlaqələri yoxdur. Çünki Armeniya Dəclə və Fərat çayları sahilndə bir vilayət olub. O, Əhəmənilər dövlətinin satraptlığı idi. Bu bütün mənbələrdə, Bisutun qayalıqlarında da belə yazılıb. Onun bu haylarla heç bir əlaqəsi yoxdur. Bu haylar Balkan yarımadasından Ön Asiyaya gəlib, Bizans imperiyasının tərkibinə daxil olublar, oradan da romalılar onları qovublar. Bundan sonra isə Türkiyə ərazisinə köçüblər. Türkiyə ərazisindən də 90 min ermənini Azərbaycan ərazisinə, indiki İrəvana, 40 min ermənini isə İrandan Qarabağa köçürdülər. Biz və Ön Asiya xalqları onlara erməni deyir, ancaq onlar özlərini “hay” adlandırır. Hayların isə nə İranda, nə Türkiyədə, nə də Azərbaycanda qədim vətənləri yoxdur”.
Q.Hacıyev qeyd etdi ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyan Fransada səfərdə olarkən də saxta erməni mədəni isrindən danışıb. “Fransa prezidenti erməniləri sevsə də, onun ağlına bələd olduğundan, çıxışlarına əhəmiyyət vermirdi. Bu halda, Paşinyan onun diqqətini cəlb etmək üçün saxta erməni irsindən danışırdı. Deyirdi ki, erməni xalqı çox qədim tarixə (?) malik xalqdır, dünya sivilzasiyasına çoxlu töhfələr (?) verib. Paşinyan hansı töhfələrdən danışır, bilmirəm. Sonra deyir ki, dünyanın qloballaşmasında ermənilər kənarda qalmır, qlobal məsələlərin həllində iştirak edirlər. Bu cür avantürüstlik olar? Bu gün ermənilər dünyanın qınaq ünvanına çevrilməlidir. Bu baxımdan, ermənilərin “Qədim sivilzasiyalar” forumunda qondarma erməni mədəni irsindən danışması da gülüncdür. Ermənilərin qədim sivilizasiyaya heç bir aidiyyəti yoxdur” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA