Məhəmməd Əsədullazadə: “Ümumiyyətlə, ötən 25 il ərzində hər hansı bir real irəliləyiş əldə olunmayıbsa, buna görə...”
Ötən həftə Dağlıq Qarabağ mövzusu ətrafında kifayət qədər diplomatik fəallıq qeydə alındı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı Zoqrab Mnatsakanyanla keçirdiyi görüşlər, eyni məkanda İslam Əməkdaşlıq Təşkilatının Qarabağa dair Əlaqələndirmə Qrupunun baş tutan toplantısı, nəhayət, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısamüddətli də olsa, reallaşan ilk görüş və Qarabağla bağlı əldə olunan müəyyən razılaşma buna misaldır.
Bütün bunlar, əlbəttə ki, danışıqların ümumi gedişi ilə bağlı müəyyən nikbin proseslərə ümid yaradır. Ümid etmək olar ki, Düşənbədə Azərbaycan Prezidenti ilə ilk görüşdən sonra rəsmi İrəvan, nəhayət, öz radikal mövqeyinə konstruktiv düzəlişlər edə biləcək. Eyni zamanda, təxribatçı və maksimalist mövqeyin, davakar ritorikanın ən əvvəl işğalçı ölkəyə təhlükə vəd etdiyinin və müharibəni yaxınlaşdırdığının fərqinə varacaq. Çünki baş verə biləcək müharibənin Ermənistan üçün necə böyük itkilər vəd etdiyini Paşinyan da anlamamış deyil.
İstənilən halda, Qarabağ danışıqlarında real nəticənin olmamasına görə əsas məsuliyyəti ATƏT-in Minsk Qrupunun həmsədrləri daşıyırlar. Yeri gəlmişkən, bir çoxları 25 ildə sülh danışıqlarında heç bir real irəliləyişə nail olmayan bu qurumun haqlı olaraq buraxılmasını və yeni vasitəçilik institutunun yaradılmasını təklif edirlər. Ona görə də ATƏT-in Minsk Qrupu öz imicini qorumaq istəyirsə və vasitəçi qurum olaraq öz missiyasını dərk edirsə, o zaman münaqişənin həll edilməsi üçün maksimum səylə çalışmalıdır.
Bütün bu deyilənlərin fonunda, Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan arasında məlum razılaşmadan sonra belə bir şəraitdə ATƏT-in Minsk Qrupunun həmsədrləri öz səlahiyyətləri çərçivəsində nə etməlidirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Düşənbədə MDB sammiti çərçivəsində erməni baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevə yaxınlaşaraq Qarabağ münaqişəsi üzrə bir sıra məsələlərdə razılaşması, hesab edirəm ki, bu ölkənin müharibə variantından qorxusundan irəli gəldi. Çünki ordumuzun döyüş qabiliyyətinin yüksək olması, cəbhədə işğalçıya vurduğu zərbələr, geosiyasi şəraitin Azərbaycanın lehinə dəyişməsi Paşinyanın əvvəlki sərt ritorikalardan çəkinməsinə səbəb olan amillərin ən əsasıdır. BMT tribunasında barışmaz mövqe sərgiləməyindən bir neçə saat keçəndən sonra Azərbaycan Prezidentinə yaxınlaşması, əvvəlki fikirləri kənara qoyması göstərir ki, Paşinyan vəziyyətin Ermənistan əleyhinə işlədiyinin fərqindədir. Hesab edirəm ki, Minsk Qrupunun bundan sonrakı fəaliyyəti Ermənistanı fəal substantiv danışıqlara gətirməkdir. Yalnız erməni tərəfini güzəştə razı salmaqla və ya onları buna məcbur etməklə nəyəsə nail olmaq olar. Yoxsa, həmişə olduğu kimi, ikili standartdan çıxış edəcəklərsə, o zaman Minsk Qrupunun fəaliyyətinə ehtiyac olmayacaq. Ümumiyyətlə, ötən 25 il ərzində hər hansı bir real irəliləyiş
əldə olunmayıbsa, buna görə ATƏT-in Minsk Qrupu və xüsusən də həmsədrlər də məsuliyyət daşıyırlar. Hesab edirəm ki, bundan ATƏT-in Minsk Qrupu ciddi nəticə çıxarmalıdır. Ən başlıcası, işğalçı tərəfə təzyiq göstərməlidir”.
Vidadi ORDAHALLI