Fikrət Sadıqov: “Ermənistanda daxili amillərin də bu məsələdə rolu var”
Məlum olduğu kimi, MDB-nin Düşənbə sammitində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında müəyyən məsələlərlə bağlı razılaşma əldə olunub. Əldə edilən razılaşma aprel ayından indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərdə vacib yenilik hesab olunur.
Çünki Azərbaycan və Ermənistan rəhbərləri danışıqların davam etdirilməsi, iki ölkənin sərhədlərində və təmas xəttində atəşkəsin qorunması, habelə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə razılığa gəliblər.
Ona görə də tərəflər arasında Düşənbədə keçirilən görüşün nəticəsi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Məsələ ondadır ki, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə qondarma “DQR”in danışıqlarda üçüncü tərəf kimi çıxış etməsinə səy göstərirdi. Sonra o, öz təcrübəsizliyini boynuna aldı və əvvəllər səsləndirdiyi bəyanatları təkzib etdi. Yəni münaqişə tərəfi olaraq Ermənistanın və Azərbaycanın danışıqlar masasına oturmasına razılaşdı. İlk dövrlərdə o, sözügedən məsələnin, ümumiyyətlə, Ermənistana aid olmadığını iddia edirdi. Ancaq bu cür yanaşmanın yaxşı nəticələr verməyəcəyini anlayan Paşinyan, nəhayət, danışıqlar yolunu tutdu.
Onu da nəzərə almaq lazımdır ki, görünür, Paşinyan ard-arda Dağlıq Qarabağla bağlı radikal açıqlamaların səsləndirilməsinin ictimai rəydə ona hörmət gətirmədiyinin fərqinə varmağa başlayır. Çünki ölkədə parlament seçkiləri keçiriləcək və seçkidə xalqın etimadını qazanmaq Paşinyan üçün çox vacibdir. O anlamalıdır ki, Ermənistanı düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən çıxarmağın yolu münaqişənin həllindən keçir. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Ermənistanın sosial-iqtisadi inkişafından söhbət belə gedə bilməz. Bu baxımdan Düşənbədə əldə olunan razılaşma seçki ərəfəsində ictimai rəydə Paşinyanın reytinqinə necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Paşinyanın sərgilədiyi nisbətən yumşaq mövqe ictimai rəydə pozitiv meyllərin onun xeyrinə işləməsinə təsir edə bilər: “Təbii ki, o bu siyasəti davam etdirərsə, bu seçkilərdə onun xeyrinə olan nəticələrin ortaya çıxmasına öz müsbət təsirini göstərə bilər. Çünki Paşinyan anlayır ki, ziddiyyətli bəyanat vermək dövrü artıq qurtarıb. O başa düşməyə başlayıb ki, danışıqları davam etdirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan yeni və genişmiqyaslı hərbi təlimləri keçirdi. Azərbaycan baş verənlərə çox ciddi şəkildə yanaşma ortaya qoydu. Düşünürəm ki, bütün bunları Paşinyan anlayıb. Yəni barışmaz, radikal xarakterli açıqlamaların yaxşı nəticə verməyəcəyini başa düşüb. Əlbəttə ki, Ermənistanda daxili amillərin də bu məsələdə rolu var. Çünki bu ölkədə parlament seçkiləri keçirilməlidir və Paşinyan yaxşı anlayır ki, ondan hansısa yeni təşəbbüslər, addımlar gözləyirlər. Ermənistanda iqtisadi və sosial sferada həllini gözləyən bir sıra problemlər qalmaqdadır. Bu özü-özlüyündə istisna etmirəm ki, güclü bir amildir. Çünki o fərqindədir ki, həmsədrlərin vasitəçiliyi ilə danışıqları aparmaq qaçılmaz bir faktdır. Dağlıq Qarabağda separatçıları tanıyan yoxdur və onları heç vaxt danışıqlar prosesinə dəvət etməyəcəklər. Bir sıra amillərin məcmusu düşünürəm ki, onu müəyyən dərəcədə yumşaq mövqe sərgiləməyə məcbur edib. Hər halda, Paşinyan konstruktiv və praqmatik mövqe sərgiləsə, bu onun xeyrinə işləyəcək”.
Vidadi ORDAHALLI