Nəzakət Məmmədova: “Bunun Ermənistanın hərbi dairələrində əyləşən bir dəstə general paqonlu, quldur xislətli cinayətkarın təxribatı olduğu da istisna edilmir”
Dağlıq Qarabağ probleminin həlli istiqamətində uzun müddətdən bəri davam edən diplomatik hərəkətsizliyə nəhayət ki, son qoyulduğunu demək olar. Ermənistanda cari ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyindən sonra danışıqlar prosesində geriləmə və ötən 6 aya yaxın müddət ərzində, demək olar ki, tərəflər arasında heç bir yüksək səviyyəli görüşün keçirilməməsi səbəbindən yarımçıq qalan danışıqlar yenidən bərpa olundu.
Söhbət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən gedir. Xəbər verildiyi kimi, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında fikir mübadiləsi olub. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistanla Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Həmçinin, tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar. Ancaq çox maraqlıdır ki, əldə olunan bu mühüm razılaşmadan sonra qoşunların təmas xəttində Ermənistan tərəfdən atəşkəsin pozulması hallarına tez-tez rast gəlinir. Atəşkəsin mütəmadi şəkildə pozulmasını Ermənistan hakimiyyəti daxilində Paşinyana qarşı olan və hər vəchlə həmin ölkənin qeyri-konstruktiv mövqedə qalmasını istəyən qrupların təxribatı saymaq olarmı?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Düşənbədə MDB dövlət başçılarının sammitində Paşinyanın hakimiyyətə gəlməsindən sonra ilk dəfə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında söhbət baş tutdu və tərəflər müəyyən razılığa gəliblər: “Bu haqda həmsədrlərin də məlumatlandırılması nəzərdə tutulur. Bindan əvvəl də Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü baş verdi. ATƏT-in Minsk Qrupu həmsədrləri cəbhə xəttində insan tələfatlarından narahat olduqlarını bəyan etdilər. Ermənilərin narahatlığına bir neçə səbəb var: Rusiya Prezidentinin Azərbaycana səfəri və Ermənistan səfərini qeyri-müəyyən müddətə təxirə salması, Azərbaycan Ordusunun genişmiqyaslı təlimlər keçirməsi, erməni tərəfi yalandan hay-küy qaldırıb ki, guya təlimdə iştirak edən texnika və canlı qüvvənin üçdə bir hissəsi hələ də təmas xəttinə yaxın ərazidə qalıb və s. Azərbaycanın möhtəşəm parad, ardından təlim keçirməsi, İlham Əliyevlə Vladimir Putinin sentyabr ayında iki dəfə təkbətək, bir dəfə MDB sammitində - ümumilikdə 3 dəfə görüş keçirməsi, Azərbaycanın kosmik fəzaya üçüncü peykini buraxması və s. Ermənistanı narahat edir”.
Nəzakət Məmmədovanın sözlərinə görə, görünür, artıq Paşinyan reallıq hissini qaytarmağa müvəffəq olmağa çalışır: “O, əvvəllər gileylənirdi ki, İlham Əliyev onu görəndə salamlaşmayıb, onu saymayıb. Görünür, Azərbaycan Prezidenti hadisələrə təmkinli yanaşmağa üstünlük verib və Ermənistanın dövlət başçısı ilə lüzumsuz ünsiyyətə ehtiyac duymayıb. Lakin mümkündür ki, Paşinyan ölkəsindəki siyasi, iqtisadi, hərbi sahələrdə nəzarəti tam ələ ala bilməyib. Bu səbəbdən xüsusilə ordu üzərində nəzarət onun yaxın və orta perspektivdə öhdəsindən çətinliklə gələ biləcəyi işdir. Paşinyan Qərbyönümlü, Ermənistan ordusu və onun Dağlıq Qarabağda yerləşdirilmiş işğalçı hissələri isə NATO standartlarından uzaq, tamamilə Rusiyanın hərbi-siyasi dairələrinin nəzarətində olan qurumdur.
Belə bir vəziyyətdə atəşkəs rejiminin pozulması Paşinyanın göstərişi ilə baş verməyə də bilər. Bunun Ermənistanın hərbi dairələrində əyləşən bir dəstə general paqonlu, quldur xislətli cinayətkarın təxribatı olduğu da istisna edilmir. Hazırda Ermənistanda hakimiyyətin bölünməsinin nəinki Mönteskyo, heç Paşinyan üslubu da yoxdur. Odur ki, hərcmərclikdən istifadə edib müharibə qızışdırmaq istəyən bəzi qüvvələrin İlham Əliyevlə Nikol Paşinyanın razılaşdığı konstruktiv addımlara qarşı təxribat məqsədilə atəşkəsi pozması variantı da istisna olunmamalıdır”.
Məhəmmədəli QƏRİBLİ