Seyid Camal Əzimbəyli: “Xarici dövlətlərdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi yönündə sistemli işlər görüləcək ”
Məlum olduğu kimi, Prezident İlham Əliyev mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə 2018-ci il Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə iki milyon manat ayrılıb.
Sərəncamda deyilir ki, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Onuncu ildönümünü qeyd edəcəyimiz və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” mültikultural dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib . Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən Azərbaycanın dini-mənəvi dəyərlərə ehtiramını göstərən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür.
Həqiqətən də son illər göstərilən sahədə Azərbaycan böyük işlər görüb və bu, indinin özündə də davam edir. Maraqlıdır, bəs sözügedən məsələ ilə bağlı yeni sərəncamı ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli ölkə başçısının qərarını alqışladığını və bunun mühüm əhəmiyyət kəsb etdiyini bildirdi: “Bunu, birmənalı olaraq, birbaşa Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin, islamın özünün təəssübkeşi olduğunun bir daha əyani təsdiqi kimi təqdir edirəm. Allahdan yardım diləyirəm ki, vətənimiz, dövlətimiz və dinimiz adına inkişafımız daha parlaq olsun. Hesab edirəm ki, ölkə başçısı tərəfindən ayrılan vəsait ünvanlı xərclənəcək. Xarici dövlətlərdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi yönündə sistemli işlər görüləcək. Çünki bununla bağlı ölkə daxilində bir sıra böyük işlər görülüb. Nəzərə almaq lazımdır ki, ölkədə keçirilən tədbirlərə müxtəlif ölkələrdən çoxsaylı qonaq gəlib. İndi bu istiqamətdə işlərin xarici ölkələrdə təşkil olunmasına ehtiyac var. Düşünürəm ki, yoluna qoyulması bütün bunlara öz müsbət təsirini göstərəcək. Prezident İlham Əliyev özünü islam təəssübkeşi sayan ölkələrlə müqayisəolunmaz dərəcədə dini və multikultural dəyərlərə sahib çıxır. Onun bununla bağlı gördüyü işləri təqdir edirəm. Bir ziyalı olaraq düşünürəm ki, bu, Azərbaycan xalqının, dövlətinin uğurudur. Allah dövlətimizin, xalqımızın düşmənlərinə bir an fürsət verməsin. Belə sərəncamların uğurlu nəticələrini də əməli fəaliyyətdə görə biləcəyik”.
Vidadi ORDAHALLI