Rəsul Cahangirli: “Rusiyanın çoxşaxəli və böyük sənaye potensialı var”
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Son zamanların daha çox diqqətçəkən əməkdaşlıq formatlarından biri də ikitərəfli və üçtərəfli münasibətlərdir. Bu formatın da təşəbbüskarı Azərbaycandır.
Ümumilikdə, bu formatlar regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanla Rusiya arasında son zamanlar əlaqələrin inkişaf istiqamətlərinin genişlənməsi istər qarşılıqlı səfərlərdən, istərsə də imzalanan sənədlərdən, həmçinin, iki dövlət arasında münasibətlərin inkişafına xidmət edən forumların keçirilməsindən daha aydın görünür. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Tərəflər arasında keçirilən görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərin inkişafına yaxşı impuls verir. İki ölkə arasında siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq mövcuddur. İki ölkə arasında münasibətlər çoxşaxəlidir, bütün sahələri əhatə edir. Dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafı göz önündədir.
Bütövlükdə, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın, əlaqələrin genişlənməsi nəticə etibarilə enerji, ticarət, logistika sahəsində daha hansı yeni perspektivlər vəd edir?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, sözügedən əlaqələr çoxşaxəli perspektivlər vəd edir: “Nəzərə almaq lazımdır ki, Rusiya ilə Azərbaycan qonşu dövlətlərdir. Şimal qonşumuz ərazisinə görə dünyada böyük dövlətdir. Böyük dövlət olmaqla yanaşı, zəngin təbii resurslara malik ölkədir. Bununla yanaşı, Rusiyanın çoxşaxəli və böyük sənaye potensialı var. Son illər Rusiya sənaye sektorunda yeni innovasiyaların tətbiq olunmasına xüsusi önəm verir. Ölkədə bu sahədə elmi tədqiqatların genişlənməsi müşahidə olunur. Bütün bunlar da onu deməyə əsas verir ki, Rusiya ilə bu sahədə də əməkdaşlıq perspektivləri var. Hesab edirəm ki, bununla bağlı müəyyən işlər görülə bilər. İki ölkə arasında ticarət əlaqələrinin daha da genişlənəcəyi gözlənir. Yeni perspektivlərə gəldikdə isə, hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında birgə müəssisələrin yaradılması istiqamətində işlərin sürətləndiriləcəyi gözlənir. Bununla bağlı perspektivlər daha böyükdür. Ümumən, bu sahədə əlaqələr müxtəlif sferalarda ola bilər. O cümlədən, enerji, kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması ehtimalı var. Hər halda, biz yaxın gələcəkdə bununla bağlı müəyyən nəticələrin əldə olunacağını görəcəyik”.
Vidadi ORDAHALLI