Məhəmməd Əsədullazadə: “IX forumda Rusiya Prezidentinin iştirakı göstərir ki, Kreml Azərbaycanla...”
Məlum olduğu kimi, Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş tərkibdə iclası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev belə formatda keçirilən tədbirlərin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlətlərimizin başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verirlər. Prezidentlərin, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, ölkələr arasında iqtisadi-ticarət əlaqələri genişlənir: “Sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə birgə kompleks layihələr üzərində fəal işləyəcəyik”.
Bütün bunlarla yanaşı, Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında, dərinləşməsində necə rol oynayacaq? Ekspertlərin bununla bağlı gözləntiləri nədən ibarətdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya və Azərbaycan arasında əlaqələr iki qonşu dövlət olaraq qarşlıqlı əməkdaşlıq formatına əsaslanır: “Qeyd edim ki, Rusiya bazarı Azərbaycandan ixrac olunan kənd təsərrüfatı mallar üçün də əsas satış bazasıdır. Ölkəmiz bütün məqamlarda bu ölkə ilə iqtisadi əməkdaşlıqda maraqlı olub. Hazırda Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi genişlənir. Ölkə iqtisadiyyatı dərin böhranla üzləşir. Rusiyanın ölkəmizin regionları ilə iqtisadi əməkdaşlığı genişləndirməsi məhz bununla əlaqədardır. IX forumda Rusiya Prezidentinin iştirakı göstərir ki, Kreml Azərbaycanla iqtisadi əlaqələrə önəm verir və bundan sonra iki ölkə regionları arasında iqtisadi əməkdaşlıq genişlənəcək. İqtisadi əməkdaşlıq siyasi əlaqələrin inkişafına təkan verir. Rusiya neft sektoruna “LUKoil” vasitəsilə 5 milyard dollar sərmayə qoyub. Daha 5 milyard dollar iqtisadiyyatın digər sahələrinə - kənd təsərrüfatı, birgə müəssisələr və bank sektoruna ayıracaq. Göründüyü kimi, ölkəmiz Rusiya üçün iqtisadi baxımdan stabil ölkədir və öz biznesinin təhlükəsizliyinə əmin olur. Təbii ki, bu iqtisadi əməkdaşlıq fonunda siyasi strateji əməkdaşlıq da davam edəcək. Artıq bu ikitərəfli əməkdaşlıq formatı imkan verəcək ki, iki ölkə strateji hədəflərinə yaxınlaşsınlar. Hesab edirəm ki, Rusiya və Azərbaycan hazırda regionda olan problemlərin birgə həllinə də çalışa bilərlər. Çünki qarşılıqlı etimad mühiti formalaşıb”.
Vidadi ORDAHALLI