İlqar Vəlizadə: “Neftdən savayı kifayət qədər malımızı bu ölkənin bazarına çıxara bilirik”
Azərbaycan hər zaman qonşu dövlətlərlə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığa üstünlük verib. Elə bu səbəbdəndir ki, rəsmi Bakının təşəbbüsü ilə Rusiya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrlə ikitərəfli, üçtərəfli formatda görüşlər keçirilir. Bu çərçivədə Rusiya ilə də yaxın qonşuluq siyasətinə xüsusi önəm verilir və iki ölkə arasında əlaqələr ilbəil yüksələn xətt üzrə inkişaf edir.
2018-ci ilə ərzində Azərbaycan və Rusiya prezidentlərinin bir neçə dəfə görüşməsi də bunu təsdiq edir. Sentyabrın əvvəlində Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində 15 mühüm sənədin imzalanması isə ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsinə gətirib çıxardı. Məhz bunun nəticəsidir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda işgüzar səfərdə oldu.
Görünən odur ki, Azərbaycan və Rusiya qonşu dövlət olmaqla yanaşı, həm də yüksək əməkdaşlıq münasibətlərinə malikdirlər. Hər iki ölkə başçısı arasında şəxsi münasibətlər iki ölkə arasında əlaqələrin gündən-günə inkişafına geniş imkanlar açır. Son imzalanan sənədlər bunu bir daha sübut etdi. Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə çoxşaxəli əməkdaşlıq mövcuddur. Bunu şərtləndirən faktorlardan biri də iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və dostluq prinsiplərinə söykənməsidir. Məlumat üçün onu da qeyd edək ki, 2017-ci ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 34 faiz yüksəlib. Dəmir yolu daşınmaları 18 faiz artaraq 6 milyon tonu ötüb. Bununla yanaşı, ötən il Azərbaycana gələn rusiyalı turistlərin sayı 17 faiz artıb. Bu ilin 9 ayı ərzində də ümumilikdə əlaqələrdə yüksək dinamika özünü göstərir.
Bütün bunların fonunda, Rusiya-Azərbaycan əməkdaşlığının regiondakı digər əməkdaşlıqlardan fərqi və üstünlükləri nədir?
Sözügedən məsələni dəyərləndirən ekspert İlqar Vəlizadə buna bir neçə aspektdən yanaşır. Onun fikrincə, Azərbaycanın Rusiyanın təxminən 80-ə yaxın subyekti ilə əlaqələri var: “Ölkəmizin xüsusilə Həştərxan, Dağıstanla münasibətləri var. Ötən ilin nəticələrinə görə, iki ölkə arasında ticarət mübadiləsi təxminın 2,5 milyard dollar təşkil edib. Bu, təbii ki, ikitərəfli əməkdaşlıq potensialını vermir. Çünki ticarət mübadiləsinin 4 milyard dollar təşkil etdiyi illər olub. Dünya bazarında mənfi konyukturaya görə ikitərəfli əməkdaşlığın potensialını vermir. Bununla yanaşı, Rusiya ilə ticarət dövriyyəsi digər ölkələrlə müqayisədə xeyli üstündür. Neftdən savayı kifayət qədər malımızı Rusiya bazarına çıxara bilirik. Eyni zamanda, Rusiyadan da çoxlu çeşiddə emal sənayesinin mallarını alırıq. Ona görə də düşünürəm ki, ölkələr arasında kooperasiya ilə bağlı mühüm danışıqlar gedir. İki ölkə arasında iqtisadi sferada birgə müəssisələrin yaradılması və bu müəssisələrin məhsullarının üçüncü ölkə bazarlarına çıxarılması ilə bağlı danışıqlar aparılır. Bir neçə il öncə aqrosənaye sferasında da bununla bağlı konkret razılıqlar əldə olunmuşdu. Belə ki, Azərbaycan ərazisində Rusiya ilə birlikdə arqoparkların qurulması nəzərdə tutulur. Onu da qeyd edim ki, Azərbaycan-Rusiya regionlararası əməkdaşlığı yeni səviyyəyə çıxır. Çünki bizim hədəflərimiz təkcə ikitərəfli dövriyyənin artırılması deyil, həm də birgə istehsal olunan malların üçüncü ölkəyə çıxarılmasından ibarətdir. Bu da ikitərəfli münasibətlərin yeni formasıdır”.
Vidadi ORDAHALLI