Əli Əlirzayev: “Bununla bağlı pozitiv gözləntilər var”
Xəzər dənizinin statusu haqqında Konvensiya Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Prezident V.Putin bildirib ki, Rusiya və Azərbaycan birgə infrastruktur layihələri həyata keçirirlər: "Məsələn, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması davam edir. Bu, Avropa və Asiya bazarlarını yaxınlaşdırmağa yönələn, İran, Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Bu miqyaslı, həqiqətən irimiqyaslı böyük iş, yaxud təşəbbüs çərçivəsində ölkələrimizin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər.
Xəzər dənizinin statusu haqqında Konvensiya da bizim dövlətlərimiz arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Sözsüz ki, bu, irəliyə doğru gedən qərardır. Sözsüz, orada hamının işləməsi, tammiqyaslı implementasiyaya nail olmaq üçün çox iş görmək lazımdır. Amma artıq mövcud sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün bizə yaxşı baza yaradır. Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar. İlk növbədə, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və sözsüz ki, Xəzərin bioehtiyatlarının və biomüxtəlifliyinin qorunması sahəsində".
Rusiya dövlət başçısı onu da bildirib ki, turizm sahəsində ikitərəfli əlaqələr intensiv inkişaf edir.
Maraqlıdır, bəs ekspertlər Xəzərin statusu ilə bağlı razılaşmadan sonra iki ölkə arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanların perspektivini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev buna bir neçə kontekstdən yanaşdı: “Xəzərin resurslarından qarşılıqlı istifadə hər zaman aktual olub. Ancaq SSRİ dağılandan sonra bununla bağlı razılaşmanın olmaması müəyyən çətinliklərin ortaya çıxmasına səbəb olub. İndi artıq bunun müəyyən bir razılaşma əsasında həyata keçirilməsi imkanları daha da genişlənəcək. Hər bir ölkə özünün pay bölgüsündə və yaxud da səlahiyyət ərazisində Xəzərdən istifadə imkanlarını artıracaq. Xəzərsahili regionlarda hər hansı bir kompleksin, tərsanənin yaradılmasında, gəmiçiliyin inkişafında öz faydasını verəcək. Bununla da gəmiçiliyin inkişafı üçün lazım olan infrastruktur qurulacaq. Bir sözlə, əldə olunan razılaşma Xəzərdə birgə infrastrukturun yaradılmasına öz töhfəsini verəcək. Bu da iqtisadi əlaqələrin genişlənməsinə əlavə təkan verəcək. Hesab edirəm ki, bu həm nəqliyyat-rabitə əlaqələrinin genişlənməsinə, həm də son nəticədə hər bir ölkənin özünün sahib olduğu ərazinin müəyyən olunmasına öz müsbət təsirini göstərəcək. Xəzərdən istifadənin hüquqi bazası formalaşacaq. Dənizi sahilyanı dövlətlər istənilən qədər istifadə etməyəcək. Yəni bunu bir çərçivəyə salacaqlar. Ətraf mühitin qorunması çərçivəsində sahilyanı dövlətlər düşünülmüş şəkildə hərəkət edəcəklər. Xəzərdən istifadənin müəyyən mənada həm iqtisadi, həm də sosial aspektləri gözləniləcək. Ona görə də bununla bağlı pozitiv gözləntilər var və hesab edirəm ki, bunlar zamanla öz həllini tapacaq”.
Vidadi ORDAHALLI