Məhəmməd Əsədullazadə: “Hazırda Azərbaycan diplomatik təmaslarla çalışır ki, regionda maraqlı ölkələri öz tərəfinə çəksin”
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar oktyabrda davam etdiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşünün yekunlarını şərh edərkən bildirib.
E.Məmmədyarov qeyd edib ki, tərəflər gələn ay danışıqların davam etdirilməsi barədə razılığa gəliblər: "Ümumilikdə, danışıqlar 3 saatdan çox davam etdi. Bu, münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".
Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.
Paşinyan Ermənistanda baş nazir seçiləndən sonra hər vəchlə Dağlıq Qarabağla bağlı danışıqların aparılmasından yayınmaq siyasəti yeridir. O bu minvalla ölkədəki radikal kəsimin rəğbətini qazanmaq istəyir. Nəzərə almaq lazımdır ki, Ermənistanda yeni parlament seçkiləri keçirilmədiyi üçün, hələ Paşinyan komandasının hakimiyyətdə tam möhkəm mövqe tutmasını demək olmaz. Ancaq o da var ki, davamlı olaraq danışıqlardan yayınmaq müharibə risqini artırır. O üzdən, Ermənistan tərəfi nəhayət ki, danışıqların bərpasına və davam etdirilməsinə razılıq verməli oldu. Bu baxımdan tərəflər arasında gələn ay keçiriləcək danışıqları ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistan tərəfi, birtərəfli olaraq, danışıqlar prosesinə zərbə vurmaqla məşğuldur. Baş nazir Nikol Paşinyanın BMT tribunasında Azərbaycana qarşı sərt ritorikası fonunda keçirilən bu görüş hesab edirəm ki, Ermənistanın imitasiyasıdır. Azərbaycan tərəfi maksimum səbr nümayiş etdirərək bu illər ərzində sülh danışıqlarına sadiq olub. Fikrimcə, Paşinyanın davakar ritorikasından sonra Ermənistanla aparılacaq danışıqlar çətin ki, hansısa effekt versin. Bundan əlavə, Ermənistanda siyasi vəziyyət qeyri-stabildir və bilmək olmur sabah orada nə baş verəcək. Qarabağ klanının müxalifətliyi bu ölkədə əksinqilabın işartılarını közərdir. Hesab edirəm ki, ölkəmizin apardığı xarici siyasət, Fransa və Rusiya ilə əməkdaşlığı Ermənistanın siyasəti ətrafında həlqəni daraldır. İki ölkə hazırda ölkəmizlə əməkdaşlığı genişləndirir. Hazırda Azərbaycan diplomatik təmaslarla çalışır ki, regionda maraqlı ölkələri öz tərəfinə çəksin. Ermənistanı həm siyasi, həm də güc yolu ilə kompromisə gətirsin. Azərbaycanın inkişaf edən hərbi potensialı imkan verir ki, diktə edən ölkə rolunda çıxış etsin”.
Vidadi ORDAHALLI