Arzu Nağıyev: “Bununla yanaşı, o, BMT-nin Ermənistanla bağlı qəbul edilən dörd qətnaməsindən danışmır”
Ermənistan rəhbərliyi BMT tribunasından növbəti dəfə işğalçılıq siyasətinə sadiq qalacağını nümayiş etdirdi. Belə ki, baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı sərsəm bəyanatı, əsassız iddiaları və cəfəng fikirləri ilə dünyanı çaşdırmağa cəhd göstərdi. O, Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibində ola bilməyəcəyi iddiasını sərgiləməklə, faktiki olaraq, BMT tribunasından BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tüpürdüyünü nümayiş etdirdi.
N.Paşinyan deyib ki, Dağlıq Qarabağ konfliktinin həlli və Qarabağın statusu məsələsi Ermənistan üçün danışıqlar prosesində prioritet olacaq. Baş nazir hakimiyyətə gəldiyi vaxtdan indiyə qədər danışıqlar prosesini pozması, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun gah “DQR konstitusiyasında” “DQR ərazisi” olması, gah da “DQR”in Ermənistana birləşdirilməsi haqda sərsəmləmələri ilə, faktiki olaraq, işğal siyasətini açıq-aşkar bəyan etməsini “unudub”. Bununla guya Ermənistanın sülh danışıqlarına sadiq olduğunu göstərməyə çalışıb. Həmçinin, iddia edib ki, konfliktin hərbi yolla həlli cəhdləri bütün regionun təhlükəsizliyi, demokratiya və insan haqları üçün təhdiddir. Paşinyan Ermənistanın bundan sonra da ATƏT-in Minsk Qrupu formatında konfliktin həlli üçün iştirakını davam etdirəcəyini söyləyib. Aylardır danışıqlardan yayınaraq, beynəlxalq sənədlərə hörmətsizliyini yada salmayan erməni baş nazir həyasızcasına onu da deyib ki, Azərbaycan özünün danışıqlara “hörmətsiz münasibətini” dəyişməli, problemin hərbi həlli ideyasından tam olaraq imtina etməli və bundan əvvəlki razılaşmaların hamısını icra etməlidir. Gör həyasızlığın dərəcəsinə bax ki, beynəlxalq tribunada beynəlxalq hüquqdan irəli gələn prinsiplər faktiki olaraq ələ salınır.
Ermənistan baş nazirinin BMT-dəki çıxışını şərh edən politoloq Arzu Nağıyevin sözlərinə görə, Paşinyan Nyu-Yorkdakı sessiyaya getməzdən əvvəl Azərbaycana müharibə elan edib, orada çıxışında isə münaqişənin sülh yolu ilə həllindən danışıb: “Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı qeyri-adekvat bəyanatları ilə yadda qalıb. Gah Azərbaycanı sülhə çağırır, gah deyir ki, Qarabağ Azərbaycanın tərkibində olmamalıdır. Bundan başqa, o, ermənilərin Dağlıq Qarabağda Azərbaycanın tərkibində yaşamaq istəmədikləri və guya Bakının münaqişə tərəfi kimi Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlara başlamalı olduğu ilə bağlı fikirlər səsləndirməklə bütün dünyanın fikrini yayındırmaq istəyir. Əgər belədirsə, ermənistanlı ermənilər başqasının torpağında nə edir?
Daha doğrusu, onun bütün çıxışı yalan tezislər üzərində qurulub. Bununla yanaşı, o, BMT-nin Ermənistanla bağlı qəbul edilən dörd qətnaməsindən danışmır. Azərbaycanın yeddi rayonu Ermənistanın işğalı altındadır. BMT-yə daxil olan bütün dövlətlər, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Reallıqla erməni liderin sözləri arasında paradoks yaranır. Ermənistan müharibə istəmir və eyni zamanda, sülh danışıqlarına getmir. Deməli, Paşinyan həm müharibədən, həm də sülhdən qorxur. O, seçkilərə qədər vaxt udmaq istəyir. Paşinyanın daxili və xarici siyasəti absurddur”.
Vidadi ORDAHALLI