Suriya və İraqda böyük zədələr alan İŞİD terror qruplaşmasını hələ də tam məhv etmək mümkün olmayıb. Belə vəziyyətdə isə adları çəkilən ölkələrdən qaçan İŞİD-in MDB məkanı, o cümlədən Şimali Qafqaza sızması yenidən aktuallaşıb.
Xatırladaq ki, terror təşkilatının Qafqazda möhkəmlənmək niyyəti əvvəldən məlum idi. İŞİD İraq və Suriyada çox sıxışdırılacağı təqdirdə idarəçiliyini məhz Qafqazdan həyata keçirmək niyyətini həmişə açıq bəyan edib. İndi səslənən son məlumatlar təşkilatın artıq bu istiqamətdə hərəkətə keçdiyini göstərir.
Müstəqil Dövlətlər Birliyinin (MDB) Terrorçuluğa Qarşı Mübarizə Mərkəzinin rəhbəri, general-polkovnik Andrey Novikov vurğulayır ki, İŞİD ilk olaraq Mərkəzi Asiyada “xilafət” yaratmaq istəyir. O əlavə edib ki, terrorçuların stabilliyi pozmaq üçün Əfqanıstanın şimalından regiona girməyə çalışması faktı xüsusi narahatlıq doğurur. Novikov İŞİD-in bölgədəki “yatmış hüceyrələri” yenidən aktivləşdirməyə cəhd etdiyini bildirib. Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov da vəziyyətin təhlükəli olduğunu vurğulayır: “Təəssüf ki, bizim ölkəyə Əfqanıstandan gələn terror təhdidi güclənir. Xüsusi xidmət orqanlarımızın məlumatına görə, beynəlxalq terror təşkilatının üzvləri Mərkəzi Asiyaya yerləşir. Bütün bunlar terror təhdidini Mərkəzi Asiya və MDB üçün uzunmüddətli edir”.
Bundan əvvəl isə Federal Təhlükəsizlik Xidmətinin direktor müavini, Milli Terrorçuluğa Qarşı Komitənin aparat rəhbəri İqor Sirotkin bildirib ki, ciddi itkilərinə baxmayaraq, İŞİD bütün dünyaya yayılmağa davam edir və böyük təhlükə olaraq qalır. Strateji planlaşdırma İnstitutunun direktoru, siyasi elmlər doktoru Aleksandr Qusevin sözlərinə görə, “İŞİD-in buynuzları” praktik olaraq Yaxın Şərq və Mərkəzi Asiyanın bütün regionlarına uzanıb.
Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası yerini Əfqanıstana dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var. Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə Rusiya üçün təhlükə təşkil edir. Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik özbəklər təşkil edir. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanıb.
Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir: “Bu ölkədə çıxılmaz vəziyyət yaranıb. Nə hakimiyyət, nə də Taliban onların rəqibi olan İŞİD-in öhdəsindən gəlmək üçün resurslara malikdir. “Xilafət”in tərəfdarları ölkənin müxtəlif hissələrində narkotrafik və qaçaqmalçılıq axınları üzərində nəzarəti təmin edib. Yaxın perspektivdə Əfqanıstanda İŞİD-i həm hərbi, həm də iqtisadi nöqteyi-nəzərdən heç nə hədələmir”. Əfqanıstanda möhkəmlənmiş İŞİD bölməsi üçün cihadın beynəlmiləllşdirilməsi - etnik müxtəliflik və kənardan könüllülərin kütləvi cəlb edilməsi tipikdir. Tayfa əlamətləri ortaya çıxdığı üçün Taliban hərəkatında tez-tez parçalanmalar baş verir. Bu, İŞİD üçün xarakterik deyil. Təhlükəli tendensiya ondan ibarətdir ki, İŞİD-də mühüm yer tutan əfqan özbəkləri və taciklərin soydaşları keçmiş SSRİ ərazisində yaşayır. Bu kanal vasitəsilə “xilafət” tərəfdarlarının təsirinin Rusiyaya qədər uzana biləcəyi ilə bağlı təhlükə var. Rusiyaya gələn İŞİD-in əsas məskəni isə məhz Şimali qafqazdır. Bu mənada aydındır ki, İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya, Rusiyaya “köçməsi” regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir. Ümumiyyətlə, Şimali Qafqazda İŞİD terror təşkilatının fəallaşması Azərbaycanın təhlükəsizliyini təhdid edən əsas faktorlardan biridir.
Son araşdırmalara görə, İŞİD qruplaşmasının ümumi maliyyə həcmi hazırda bir neçə yüz milyon dollar təşkil edir. Nəzarətdə saxladığı ərazilərdə olan neft əvvəlki kimi qruplaşma üçün gəlir mənbəyidir. Neftdən həm şəxsi istehlak, həm də yerli səviyyədə satış üçün istifadə edilir. Tamamilə və ya qismən nəzarət edilən rayonlarda vergilərin toplanması, həmçinin xərac alınması məqsədilə yerli sahibkarların oğurlanması İŞİD-in digər gəlir mənbələridir. Bu prosesin İŞİD-in MDB məkanı, o cümlədən Şimali Qafqaza gəlişi ilə həmin yerlərdə tətbiqinə cəhd olunacağına dair də narahatlıqlar var. Bu səbəbədən hesab edilir ki, İŞİD-in Əfqansıtandan ümumiyyətlə Orta Asiya, Rusiya ərazisinə keçməsinə imkan vermək olmaz. Region ölkələrinin birgə əməliyyatla İŞİD-i sıradan çıxarması yaranmış durumda qaçılmaz şərtə çevrilir.
Nahid SALAYEV