“Bu gün Azərbaycanın buraxdığı məhsullar təkcə bizdə deyil, eyni zamanda, xarici ölkələrin də ordularında arzuolunan bir hərbi silahdır”
Aydın Mirzəzadə: “Ölkəmiz bunun öhdəsindən gələ bildi”
Azərbaycanda strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması ölkənin kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Demək olar ki, Azərbaycanda müdafiə sənayesinin inkişafı nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər nailiyyət əldə edilib.
Konkret olaraq ordumuz yeni texniki imkanlar əldə etməklə yanaşı, həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyib. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır.
Ordumuzun güclənməsində təbii ki, Azərbaycanın ən müasir silahların istehsalını həyata keçirməsi də böyük rol oynayır. Reallıq ondan ibarətdir ki, Azərbaycanda bir sıra müasir silahların istehsalı artıb. 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – “ADEX-2018”in öz işinə başlaması da silah sənayemizin inkişafının göstəricisidir.
Qeyd edək ki, ildən-ilə “ADEX” sərgisinə marağın artması və yeni dövlətlərin, şirkətlərin qoşulması müşahidə olunur. Bu dəfə də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silahların xarici ölkələrə satışı artırılıb. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin 260-dan artıq hərbi məmulatı nümayiş olunur. Bununla da Azərbaycanın müasir silah və texnikasının, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunur. Bundan başqa, bu il Azərbaycandan "Vitta" Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.
Bütün bunlarla yanaşı, Azərbaycanda istehsal olunan müasir silahların idxalına dünya dövlətlərinin marağı artan xətt üzrə inkişaf edir.
Sözügedən məsələni dəyərləndirən millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu bir sıra amillərlə əlaqədardır: “Dünya ölkələrinin əksəriyyəti silah istehsal etmir. Bu baxımdan, 29 ölkədən çoxsaylı şirkətin Azərbaycanda təşkil edilən müdafiə sərgisində iştirak etməsi Azərbaycanın dünyadakı nüfuzu, bu sahədə əldə etdiyi nailiyyətlərin artıq tanınması deməkdir. Azərbaycan dünya silah bazarında yeni iştirakçıdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaranmasından cəmi 13 il ötüb. Bu qısa müddətdə günün tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda, hərbi texnika və silah istehsalına nail olduq. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaltdı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda, xarici ölkələrin də ordularında arzuolunan bir hərbi silahdır. Belə bir sərginin Azərbaycanda təşkil edilməsi ölkəmizin beynəlxalq nüfuzu ilə əlaqədardır. Heç bir şübhə yoxdur ki, bu sərgi zamanı ikitərəfli və çoxtərəfli əlaqələr qurulacaq, Azərbaycan silahlarının satılması, diqqəti cəlb edən silah və texnikanın alınması və hətta birgə silah istehsal edilməsinə dair razılığa gəlinəcək”.
Vidadi ORDAHALLI