Məhəmməd Əsədullazadə: “Aparıcı dövlət başçıları çox gözəl anlayırlar ki, Paşinyanla görüşsələr, o, maliyyə yardımı istəyəcək”
Məlum olduğu kimi, dünyanın diqqəti BMT Baş Assambleyasının növbəti sessiyasına dikilib. Baş Assambleyanın 73-cü sessiyası böyük maraqla izlənir.
Qeyd edək ki, ümumi müzakirələr sentyabrın 25-də başlayıb və oktyabrın 1-dək davam edəcək. Hər il sentyabrda ənənəvi olaraq BMT Baş Assambleyasının sessiyası keçirilir və bir sıra məsələlər qurumun tribunasından gündəmə gətirilir. Tədbir çərçivəsində həm də bir sıra dövlət başçılarının ikitərəfli görüşləri keçirilir. Bir növ, tədbirin keçirildiyi günlər ərzində buna imkan yaranır.
Baş Assambleyanın sessiyasında ilk dəfə iştirak edən dövlət başçılarından biri də Ermənistanın yeni baş naziri Nikol Paşinyandır. Ermənistanın rəsmi mediası Paşinyanın BMT çərçivəsində keçirdiyi görüşlərin böyük ajiotaja səbəb olduğunu iddia etsə də, ölkənin müxalif mediası bunun belə olmadığını yazır. Ölkə mətbuatının yazdığına görə, bir sıra gözləntilərə rəğmən, Paşinyana dünya dövlətlərinin marağı böyük olmayıb. Mətbuat yazır ki, Paşinyanın bəzi dövlət başçıları ilə sadəcə “ayaqüstü” və gözlənilməz görüşləri olub. Məsələn, Avstriya və Kanada dövlət başçıları ilə “ayaqüstü” görüşüb. Erməni lobbisinin ciddi cəhdlərinə baxmayaraq, Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüşü alınmayıb.
Adətən yeni seçilən dövlət başçılarına bu kimi tədbirlərdə maraq yüksək olur. Müxtəlif ölkələrin dövlət başçıları tədbir çərçivəsində ikitərəfli görüşlər keçirirlər. Bu həm tanışlıq məqsədi daşıyır, həm də ölkə başçısına olan marağın göstəricisi olur. Ancaq Paşinyanın timsalında isə bunların heç biri özünü göstərmir. Sanki Paşinyan heç kəsə lazım olmayan bir dövləti təmsil edir. Belə olmasaydı, ən azından, ona maraq yüksək səviyyədə olardı.
Maraqlıdır, dövlət başçıları Nikol Paşinyanla ikitərəfli görüşlərə niyə maraq göstərmirlər? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasında iştirakı bir neçə gün bundan əvvəl sual altında idi. Çünki o, səfər proqramında ABŞ Prezidenti ilə görüşmək niyyətində idi. Həmçinin, BMT-də digər dövlət başçıları ilə də görüşdə maraqlı idi. Donald Tramp görüşdən imtina etdiyi üçün, Paşinyan səfərdən imtina etmişdi. Erməni lobbisinin tələbi ilə Paşinyan BMT-nin Baş Məclisində iştirak etsə də, onun ABŞ Prezidenti və digər yüksək çinli məmurlarla görüşü baş tutmadı. Bundan əlavə, digər dövlət başçıları ilə xüsusi əhəmiyyət daşıyan görüşləri alınmadı. Çünki Ermənistan heç bir dövlətin maraq obyektində deyil. Ona görə ki, kasıb və heç bir iqtisadi potensialı yoxdur. Cəlbedici hansısa geostrateji mövqeyə və iqtisadi potensiala malik deyil. Aparıcı dövlət başçıları çox gözəl anlayırlar ki, Ermənistan rəhbəri ilə görüşdə maliyyə yardımı istəniləcək. Çünki Ermənistan illərdir dilənir. Ona görə də bu kimi görüşlərdən yayınırlar. Bundan əlavə, Ermənistanın işğalçı siyasəti artıq beynəlxalq birlik tərəfindən pislənir. Ermənistanın 25 ilə yaxın işğalçı bir ölkə olması, beynəlxalq hüququ kobudcasına pozması bu kimi görüşlərə mane olur. Qeyd edim ki, Paşinyanın demokrat kimi özünü təqdim etməsi heç də müsbət xarakterizə olunmur. Bu dövlət forpostdur və hələ də Rusiyanın marionetkası kimi xarakterizə edilir. Bu cür heç bir siyasi-iqtisadi əhəmiyyət kəsb etməyən dövlətin rəhbəri ilə digər dövlət başçıları xüsusi görüş keçirib vaxtlarını boşa xərcləmirlər”.
Vidadi ORDAHALLI