Arzuxan Əlizadə: “Stabilliyə çalışan ölkə digər region dövlətinin 20 faiz ərazisini zəbt edib, onu uzun illər işğal altında saxlamaz”
BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nelson Mandelanın xatirəsinə həsr olunan sülh sammiti keçirilib. Belə ki, BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında 84 ölkənin dövlət başçısı və yüksək vəzifəli şəxsləri iştirak ediblər. Sammit Cənubi Afrikanın dövlət və ictimai xadimi Nelson Mandelanın anadan olmasının 100 illiyinə həsr olunub.
Zirvə görüşü, təşkilatın baş katibinin nəzərdə tutduğu kimi, bütün planetdə sadiqliyi nümayiş etdirmək, münaqişələrin qarşısını almaq və onları nizama salmaq, sülhü möhkəmləndirmək, insan hüquqlarını qorumaq, inkişaf sahəsində uzunmüddətli təşəbbüsləri dəstəkləmək məsələlərində dünya liderlərinə yeni imkanlar yaradacaq.
İclasda Ermənistanın yeni baş naziri Nikol Paşinyan da çıxış edib. Bu dəfə də Paşinyan bir sıra populist xarakterli açıqlamalarla iştirakçıları aldatmağa çalışıb. Erməni nazir iddia edib ki, o, Mandeladan çox şey öyrənib: “Mən Mandeladan çox şey götürmüşəm”.
Bununla yanaşı, Paşinyan bildirib ki, guya Ermənistan regionda sülh və sabitliyin təmin olunması üçün dayanmadan çalışır: “Ümid edirəm ki, bir gün regionumuzun demokratik inkişafı hərbi əməliyyatları, müharibə və nifrət risqlərini istisna edəcək. Ermənistan bu yolla davamlı şəkildə hərəkət edir. Sülh, sabitlik və barışıq üçün dayanmadan çalışır”.
Paşinyanın belə bir açıqlama ilə çıxış etməsi erməni həyasızlığının növbəti nümunəsidir. Çünki Ermənistan regionda sülh və sabitliyin təmin olunması üçün yox, sabitliyin pozulması üçün çalışır. Ermənistanın bu sahədə hansı töhfəsindən danışmaq olar ki, indiyə qədər rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa konstruktiv mövqe ortaya qoymayıb?!
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu, Paşinyanın boğazdan yuxarı səsləndirdiyi növbəti populist açıqlamalardan biridır: “Məsələ ondadır ki, Ermənistan regionda sülh və sabitliyin təmin olunmasına deyil, əksinə, bunun hər addımbaşı pozulmasına yönəlik siyasət yeridir. Stabilliyə çalışan ölkə digər region dövlətinin 20 faiz ərazisini zəbt edib, onu uzun illər işğal altında saxlamaz. Nəzərə almaq lazımdır ki, məhz Nikol Paşinyan baş nazir olandan sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə bağlı daha ağılsız açıqlamalarla çıxış edir. Paşinyan Ermənistanın bununla bağlı hansı müsbət tərəfindən danışır? Paşinyan Qarabağa dair qızışdırıcı, danışıqlar prosesinə zərbə vuran və davakar bəyanatlarının dozasını hər keçən gün daha da artırır. Gah Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi gördüyünü deyir, gah da bildirir ki, Dağlıq Qarabağın adından danışa bilməz və Azərbaycan sülh istəyirsə, gərək özü qondarma “DQR”lə birbaşa danışıqlara girsin. Belə olan halda, Ermənistanın regionda sabitliyin təmin olunmasında hansısa “rolundan” danışmaq gülünc görünür. Ermənistan regionda sabitliyi təhdid edir və buna misal rəsmi İrəvanın Dağlıq Qarabağ məsələsində sərgilədiyi qeyri-konstruktiv mövqedir. Ona görə də Paşinyan kimisə aldatmasın. Ancaq bir məqamı nəzərdən qaçırmaq olmaz ki, münaqişə həll olunmadan Ermənistanın normal inkişafından söhbət gedə bilməz”.
Vidadi ORDAHALLI