Daha çox sərsəm bəyanatları, ziddiyyətli açıqlamaları ilə gündəmə gələn Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasında iştirak üçün yollandığı ABŞ-da verdiyi açıqlamalar onun Rusiya ilə münasibətlərində səmimi olmadığını bir daha üzə çıxarır.
Söhbət ondan gedir ki, Paşinyan Rusiya ilə müqayisədə Qərblə yaxınlaşmaqda maraqlı olduğunu bildirir və Kremlin bu prosesin qarşısını ala bilməyəcəyini deyir. Paşinyan Nyu-Yorkda Amerikadakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə Rusiyanı hətta ölkəsinin daxili işlərinə qarşımaqda da günahlandırıb.
Belə ki, ABŞ-dakı erməni diasporunun təmsilçiləri Paşinyandan Ermənistanın xarici siyaisətilə bağlı hansı fikirdə olduğunu soruşublar. Onların dəstəyini itirmək istəməyən baş nazir hələ də qərbpərəst olduğunu sübut etmək üçün Rusiyanın əleyhinə fikirlər səsləndirib. Hətta fürsətdən istifadə edərək, Ermənistanın əvvəlki rəhbərlərinin hakimiyyətdə qalmaq naminə Kremlə boyun əymələrinə də toxunub və bunu təkrarlamayacağını bildirib: “Biz bütün beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi inkişaf etdirməyə hazırıq. Lakin bunu bir tərəfdaşımızın hesabına, yaxud digərinin ziyanına etməyə hazırlaşmırıq. Ermənistan Avropa İttifaqı və ABŞ-la qarşılıqlı əlaqələrinin səviyyəsini qaldırmağa çalışacaq. Bu münasibətlərdə biz daha özünəəmin olmalı və suveren dövlətə məxsus yanaşmalar sərgiləməliyik”.
Bütün bunlar, aydındır ki, Kreml tərəfindən heç də xoş qarşılana bilməz və bu səbəbdən “Jamanak” qəzeti Moskvanın İrəvana təzyiqlərinin artmaqda olacağını yazır. Qeyd olunur ki, Paşinyanın ABŞ-da verdiyi açıqlamalar, həmçinin Rusiyanın tələblərini yerinə yetirməkdən imtina etməsi Kremlin səbr kasasını daşdırır. Ermənistanın “Joxovurd” qəzeti isə diqqəti ona yönəldir ki, qatı qərbpərəst məmurların Paşinyan hökumətində yer alması Rusiyanı ciddi şəkildə narahat edir və bir müddət əvvəl Moskva onların vəzifədən kənarlaşdırılmasını tələb edib. Amma Paşinyan bu məsələdə Kremli razı salacaq addımlar atacağını bildirsə də, bunu etməyə tələsmir: “Söhbət uzun illər ərzində Rusiyaya qarşı açıq düşmən mövqeyində dayanan, Moskvanın ünvanına təhqiramiz ifadələr səsləndirən, indi isə Ermənistan rəhbərliyində yüksək vəzifə sahibi olanlardan gedir. Bu kontekstdə əsas fiqurlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryandır. Mənbələrimizdən əldə etdiyimiz məlumatlara əsasən, Moskva Ermənistanın hakim elitasında bu cür şəxslərin mövcudluğu ilə bağlı İrəvana açıq etirazını və qeyri-məmnunluğunu bildirib, bunun iki ölkənin maraqlarına zidd olduğunu deyib. Kreml müxtəlif hərbi-strateji məsələlərdə Ermənistan rəhbərliyindəki konkret şəxslərə güvənmir və bu səbəbdən də onların hakimiyyətdən uzaqlaşdırılmasını istəyib. Paşinyan bu xüsusda vədlər versə də vədini yreinə yteirmir və bu da Kremldə Paşinyana qarşı inamsızlığı daha da artırır”.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Transparency International”da seçki proqramlarının koordinatoru vəzifəsində çalışıb. “Transparency International” Ermənistan və digər ölkələrdə Rusiya əleyhinə işləyən Soros fondu tərəfindən maliyyələşdirilir. Dövlət nəzarət xidmətinin rəisi David Sanasaryan isə erməni əsilli amerikalı Raffi Ovannisyanın rəhbərlik etdiyi qərbyönümlü “İrs” partiyasının üzvü olub. Ermənistanda Sanasaryan qatı rusofob reputasiyaya malikdir.
Bütün bunlardan sonra Paşinyanın yenidən ABŞ-da Rusiya əleyhinə mövqe sərgiləməsi Kremlin ona qarşı daha aktiv hərəkətə keçməsini qaçılmaz edir. “Joxovurd” yazır ki, bu fonda Rusiyadakı erməni iş adamlarının Ermənistana vəsait göndərməsi, sərmayə yatırması mümkün olmayacaq: “Onsuz da bundan əvvəl Paşinyanın Moskvada erməni iş adamları il görüşü heç də yaxşı keçməyib və baş nazir İrəvana əliboş qayıtmalı olub. Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldi, oturdu və getdi. Digərləri isə Paşinyana bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər. Bu isə Ermənistanda ağır sosial-iqtisadi vəziyyəti daha da pisləşdirəcək”.
Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri Xosrov Arutyunyan isə Moskvanın, digər təzyiq vasitəsi kimi, enerji resurslarının qiymətini qaldıracağını düşünür. O, bu ilin sonunda İrəvanın Rusiya ilə təbii qazın qiymətinə dair imzaladığı müqavilənin müddətinin bitməsinə diqqət çəkərək, vəziyyətin yaxşı olmadığını vurğulayıb. Həmin sazişə əsasən, Rusiyanın Ermənistana satdığı qazın min kubmetri üçün 150 dollar tarif müəyyənləşdirilib. Lakin Arutyunyan Moskvanın əvvəlki güzəştli tarifi saxlayacağına əmin deyil. Arutyunyan istisna etməyib ki, Nikol Paşinyan hökuməti Rusiyaya münasibətdə yanlışlığa davam etsə, Moskva enerji sahəsində, demək olar ki, tamamilə Rusiyadan asılı olan Ermənistana satdığı qazın qiymətini qaldıracaq. Bu isə Ermənistan iqtisadiyyatı üçün fəlakət deməkdir: “Təəssüf ki, Ermənistan-Rusiya münasibətlrində enerji daşıyıcıları strateji əhəmiyyətə malikdir. Hərdən elə olur ki, enerjidaşıyıcılarına qoyulan tariflər hesabına dövlətlərarası digər məsələlər də tənzimlənir. Bu mənada Ermənistanın ciddi problemi var və biz Rusiya-Ermənistan münasibətlərində çox diqqətli və ehtiyatlı olmalıyıq”. Arutyunyan Paşinyan hökumətinin bu gedişlə Rusiyadan güzəştli qiymətə silah almasının da çətin olacağını, Qarabağ məsələsində Rusiyanın İrəvana təzyiqlərini artıracağını, Rusiyadan pul köçürmələrinin azalacağını da vurğulayır. Deputata görə, bütün bunlar Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələrinə də təsir edərək, rusyönümlü qüvvələrin fəalalşmasına gətirib çıxaracaq.
Tahir TAĞIYEV