Məhəmməd Əsədullazadə: “Ən azından, təşkilat üzvləri bu ölkəyə qarşı sanksiya tətbiq edərək işğalçıya təzyiq edə bilərlər”
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Təmas Qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək. Xəbər verildiyi kimi, bu barədə İƏT-in “Twitter” səhifəsində deyilir.
Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı Təmas Qrupunu yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Qrupun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib.
Ümumilikdə, tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İƏT-ə üzv olması beynəlxalq aləmdə ölkəmiz qarşısında yeni üfüqlər açdı. Belə ki, Azərbaycan İƏT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İƏT Baş Katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İƏT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul edib. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir. Sözügedən qurum hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olub. Bu məsələdə heç vaxt Azərbaycana dəstəyini əsirgəməyib.
Maraqlıdır, İslam Əməkdaşlıq Təşkilatının Qarabağ münaqişəsi üzrə Təmas Qrupunun keçiriləcək iclası və buradakı müzakirələr Qarabağ sülh prosesində hansı rolu oynaya bilər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “İslam Əməkdaşlq Təşkilatı daima öz qətnamələrində Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq hüquqa söykənən ədalətli qərarlar qəbul edib. Təşkilatın Təmas Qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı iclasını keçirməsi, bu təşkilatın münaqişənin həllinə diqqətini artırması deməkdir. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının Ermənistana təsir vasitəsi mövcuddur. Ən azından, təşkilat üzvləri Ermənistana qarşı sanksiya tətbiq edərək işğalçıya təzyiq edə bilərlər. Təşkilat çərçivəsində konsensus olsa da, ayrı-ayrı müsəlman ölkələri işğalçı ölkə ilə əməkdaşlıqda maraqlı görünürlər. Hazırda Pakistan və Səudiyyə Ərəbistanının Ermənistana qarşı siyasətində təzyiqlər var. Hər iki ölkə Ermənistanla diplomatik əlaqələrə malik deyil. Təmas Qrupunun iclasında hesab edirəm ki, Ermənistana qarşı sanksiyaların qəbulunu gündəmə gətirməlidirlər. Bu təşkilat, demək olar ki, öz qərarlarında prinsipialdır. Azərbaycanın geosiyası mövqeyinin artması, müsəlman dünyasında Azərbaycanın artan rolu bütün müsəlman ölkələrinin dövlətimizə diqqətinin göstəricisidir. Hesab edirəm ki, bu, rəsmi Bakının müsəlman dünyası ilə düzgün strategiyasının nəticəsidir”.
Vidadi ORDAHALLI